Xüsusi elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə görkəmli təbiətşünas alim, Akademik Həsən Əliyevin anadan olmasının 118-ci ildönümünə həsr olunmuş xüsusi elmi seminar keçirilib.
Tədbirin açılışında Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı çıxış edərək akademik Həsən Əliyevin həyat və fəaliyyəti, Azərbaycanda ekologiya elminin inkişafındakı əvəzsiz xidmətləri və təbiətin mühafizəsi sahəsində qoyduğu elmi irs haqqında ətraflı məlumat verib.
Seminar çərçivəsində fakültənin tələbələri tərəfindən aktual ekoloji mövzular üzrə elmi məruzələr təqdim olunub. Fakültənin magistr II kurs tələbəsi Fikrət Hacıyev Bakı şəhərinin məişət tullantı sularında səthi aktiv maddələrin ekoloji təsirləri və onların aktivləşdirilmiş kömür vasitəsilə zərərsizləşdirilməsi imkanlarını elmi baxımdan təhlil edib. II kurs tələbəsi Raul İmanov Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının təbii potensialını və ekoturizm imkanlarını araşdıraraq bu sahənin dayanıqlı inkişaf və ətraf mühitin qorunmasındakı rolunu təhlil edib. I kurs tələbəsi Əli Qurbanov isə süni intellekt texnologiyalarının ekologiya sahəsində tətbiqi, ekoloji monitorinq və təbii resursların idarə olunmasında yaratdığı yeni imkanlarını araşdırıb.
Tədbirin təltifetmə və yekun mərhələsində Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva çıxış edərək görkəmli alimlərə və cəmiyyət üçün dəyərli şəxsiyyətlərə həsr olunan bu cür elmi seminarların əhəmiyyətini xüsusi vurğulayıb. O, bu tədbirlərin gənclərin elmi düşüncəsinin formalaşmasında və akademik irsin qorunub yaşadılmasında mühüm rol oynadığını bildirib.
Sonda çoxsaylı suallar cavablandırılıb, məruzəçilər təltif olunub və xatirə şəkili çəkilib.