Praktiki seminar keçirilib

Müasir istixana təsərrüfatının idarə edilməsi mövzusunda praktiki seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Grovex şirkətinin nümayəndələrinin iştirakı ilə Torpaqşünaslıq və aqrokimya ixtisasının tələbələri üçün “Müasir istixana təsərrüfatının idarə edilməsi: məhsuldarlıq, aqronomik qərarlar və rəqəmsal texnologiyalar” mövzusunda praktiki seminar keçirilib.
Seminarda əsas məqsəd tələbələrin müasir istixana təsərrüfatı, aqronomik idarəetmə və kənd təsərrüfatında tətbiq olunan rəqəmsal texnologiyalar barədə praktiki biliklərini artırmaq, onları real təsərrüfat təcrübələri və müasir iş yanaşmaları ilə tanış etmək olub.
Görüş zamanı müasir istixana sistemlərinin idarə edilməsi, iqlim və suvarma proseslərinin optimallaşdırılması, bitki qidalanması və mühafizəsi, məhsuldarlığın artırılmasına yönəlmiş aqronomik qərarlar, rəqəmsal əkinçilik və ERP (Enterprise Resource Planning – Müəsissə Resurslarının Planlaşdırılması) sistemlərinin kənd təsərrüfatında tətbiqi kimi mövzular ətrafında geniş məlumat verilib.
Təqdimat zamanı real təsərrüfat təcrübələrindən nümunələr paylaşılaraq müxtəlif praktiki situasiyalar üzərindən müasir kənd təsərrüfatında qarşıya çıxan məsələlər və onların həlli yolları müzakirə olunub.
Görüş interaktiv formatda keçirilib, tələbələrin sualları cavablandırılıb və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Grovex şirkətinin nümayəndələri ilə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi arasında gələcək əməkdaşlıq imkanları və tələbələr üçün bu istiqamətdə müxtəlif praktiki təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.