Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən ölkə başçısı möhtərəm İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il Respublikamızda "Ekologiya İli" elan edilmişdir. Ekologiya İlində irəli sürülən strateji planlar çərçivəsində görüləcək tədbirlər sırasına töhfə olaraq Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 20 noyabr 2010-cu il tarixli qərarı ilə Coğrafiya, Biologiya və Kimya fakültələrinin bazasında Ekologiya və torpaqşünaslıq fakültəsi yaradılmışdır. Fakültənin rəsmi açılışı 2011-ci il mart ayının 3-də olmuşdur. Bununla belə, ekologiya və ətraf mühütün mühafizəsi üzrə kadr hazırlığına BDU-da 1980-ci ildən başlanılmışdır.
Belə ki, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, respublika Təbiəti Mühafizə Cəmiyyətinin sədri mərhum akademik H.Ə.Əliyevin təşəbbüsü ilə 31 yanvar 1980-ci ildə Universitetin Geologiya-Coğrafiya fakültəsində “Ətraf mühiti mühafizə” kafedrası təşkil edilmişdir. BDU-da 40 ildən çoxdur ki, ixtisasların ayrı ayrı dövrlərdə adları dəyişilməklə “Ətraf mühitin mühafizəsi”, “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə” və “Ekologiya” sahəsində kadr hazırlığı həyata keçirilməkdədir. Bu dövr ərzində fakültə görkəmli alimlərinin səyi nəticəsində universitet ekologiya və torpaqşünaslıq təhsili Respublika ali təhsil sisteminin əsas tərkib hssələrindən, minlərlə yüksək ixtisaslı ekoloq, torpaqşünas, aqrokimyaçı, yerquruluşçu və daşınmaz əmlak kadastrı üzrə yüksəkixtissaslı mütəxəssis həyata vəsiqə almışdır.
Ekologiya və torpaqşünaslıq fakültəsində 5 kafedra - Ekoloji kimya (2004), Coğrafi ekologiya (əvvəllər - Ətraf mühitin mühafizəsi və təbii ehtiyyatlardan səmərəli istifadə) (1980), Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı (2004), Bioekologiya (2011) və Həyat fəaliyyətinin təhlükəsizliyi (2011) kafedraları fəaliyyət göstərir.
Kafedralarda elmi-tədqiqat işləri aparılmış və aşağıdakı sahələrdə mühüm elmi nəticələr əldə edilmişdir:
- Təbii ehtiyatların və təbii şəraitin qorunması daha səmərəli istifadə olunması problemləri,
- Keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi,
- Torpaq kadastrı, torpaqların bonitirovkası, ekoloji münbitlik modeli, ekoloji qiymətləndirilməsi və monitorinqi,
- Neft-qaz və neft-kimya sənaye müəssisələrində formalaşan istehsalat tullantılarının ətraf mühitə ekoloji təsirlərinin qiymətləndirilməsi,
- Abşeronun təbii şəraitinin antropogen dəyişməsinin qiymətləndirilməsi, təbii şərait və təbii ehtiyatların qiymətləndirilməsinin metodları, şəhərlərin atmosferinin çirklənməsinin tədqiqi, proqnozlaşdırılması və mühafizə yolları,
- Landşaftların ekologiyası və mühafizəsinin problemləri, bazar iqtisadiyyatı şəraitində regionların davamlı inkişafının ekoloji əsasları və problemləri.
Ekologiya və torpaqşünaslıq fakültəsinə 2011-2021-ci illərdə professor Nazim Şəmilov 2022-ci ildən isə dosent Akif Ağbabalı rəhbərlik edir. Ekologiya və torpaqşünaslıq fakültəsində hal-hazırda 45 professor-müəllim heyəti çalışır. Bunlardan 8 nəfəri elmlər doktoru, o cümlədən 6 nəfəri professor (bir akademik), 28 nəfər fəlsədə doktoru (onlardan 18 nəfəri dosentdir), 9 nəfər baş müəllim və 11 nəfər isə müəllim heyətidir. Tədris-köməkçi heyət 14 nəfərdən ibarətdir. Fakültədə 870 bakalavr, 85 magistrant, 9 doktorant, 4 dissertant təhsil alır.