Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri də beynəlxalq standart və meyarlara uyğun tədris proqramları və metodları əsasında müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Elm və təhsil sahəsində beynəlmilələşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr fakültənin inkişafının əsas göstəricilərindən hesab olunur. Bu baxımdan da Ekologiya və torpaqşünaslıq fakültəsində beynəlxalq fəaliyyət dairəsinin genişləndirilməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın nüfuzlu aparıcı təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür.
Ekologiya və torpaqşünaslıq fakültəsi fəaliyyətə başladığı ilk vaxtlardan etibarən dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaratmış, bu əlaqələr tədrisin keyfiyyətinin və mütəxəssislərin ümumpeşə səviyyəsinin yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərmişdir. Bu əlaqələr bu gün də davam və yüksək səviyyədə inkişaf etdirilir.