Elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının doktorantı Əli Bağırlı “Buğda bitkisinin məhsuldarlığı və torpaq keyfiyyət göstəriciləri arasında korrelyasiya əlaqələrinin analizi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə buğdanın tarixi və mənşəyi, taxılçılıq haqqında ümumi məlumat, yumşaq və bərk buğda növləri, eləcə də Azərbaycanda becərilən əsas sortlar barədə məlumat verilib. Çıxışda buğda bitkisinin məhsuldarlığı ilə torpaq keyfiyyət göstəriciləri arasında formalaşan əlaqələrin elmi əsaslarla təhlili diqqətə çatdırılıb.
Qeyd olunub ki, 1000 dənin kütləsi ilə məhsuldarlıq arasındakı güclü müsbət korrelyasiya dənin yaxşı doldurulması, assimilantların səmərəli paylanması və məhsul strukturunun yüksək olması ilə bağlıdır. Sünbüldə dənin sayı ilə məhsuldarlıq arasındakı əlaqə isə sünbül məhsuldarlığının birbaşa dən sayı ilə müəyyənləşməsi ilə izah edilir.
Eyni zamanda kleykovina miqdarı ilə məhsuldarlıq arasında müşahidə olunan müsbət korrelyasiyanın dənin zülal toplanması və qidalanma şəraiti ilə bağlı olduğu bildirilib. Sedimentasiya göstəricisi ilə məhsuldarlıq arasındakı güclü müsbət əlaqə isə buğdanın texnoloji keyfiyyətinin və çörəkbişirmə xüsusiyyətlərinin yüksək olması ilə əlaqələndirilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu istiqamətdə aparılan tədqiqatlar buğda istehsalında məhsuldarlığın artırılması, torpaq münbitliyinin qiymətləndirilməsi və keyfiyyətli məhsul istehsalı baxımından mühüm əhəmiyyət daşıyır.