Elmi-tədqiqat işləri həyata keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin doktorantı Əli Bağırlı tərəfindən elmi tədqiqat mövzusu üzrə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Regional Təcrübə Stansiyasında növbəti elmi-tədqiqat işləri həyata keçirilib. Tədqiqatlar doktorantın "Suvarma şəraitində buğda bitkisi altında tətbiq edilən mineral gübrələrin ekoloji əsasları" mövzusunda apardığı dissertasiya işinin əsas istiqamətlərini əhatə edir.
Sahə tədqiqatlarının əsas məqsədi suvarma şəraitində becərilən buğda aqroekosistemlərində mineral gübrələrin torpaq-bitki-su sisteminə təsirinin qiymətləndirilməsi, aqroekoloji proseslərin öyrənilməsi və əldə olunan nəticələrin elmi əsaslandırılmasıdır.
Tədqiqatlar çərçivəsində ilk növbədə təcrübə sahələrində torpaq kəsimləri qoyularaq torpaq nümunələri götürülüb. Torpaq analizlərinin aparılmasında məqsəd torpağın aqrokimyəvi xüsusiyyətlərinin, münbitlik göstəricilərinin, qida elementlərinin miqdarının, eləcə də mineral gübrələrin tətbiqindən sonra torpaqda baş verən dəyişikliklərin müəyyən edilməsidir. Eyni zamanda torpaq profilinin öyrənilməsi vasitəsilə ərazinin torpaqəmələgəlmə xüsusiyyətləri və ekoloji vəziyyəti qiymətləndirilib.
Aparılan tədqiqatların mühüm istiqamətlərindən biri də ərazidə mövcud olan biosenozlar və aqrosenozların müqayisəli şəkildə öyrənilməsi olub. Bu məqsədlə təbii ekosistemlər və kənd təsərrüfatı sahələrinin bioloji müxtəlifliyi, növ tərkibi və ekoloji xüsusiyyətləri araşdırılmış, onların qarşılıqlı fərqləri və antropogen təsirlərə reaksiyaları qiymətləndirilib.
Sahə işləri zamanı buğda bitkilərindən nümunələr toplanaraq laborator analizlər üçün hazırlanıb. Bitki nümunələrinin tədqiqi vasitəsilə qida elementlərinin mənimsənilməsi, bitkinin inkişaf göstəriciləri və mineral gübrələrin məhsuldarlığa təsiri tədqiqatlarn nəticəsində müəyyənləşəcəkdir.
Toplanmış torpaq, bitki və su nümunələri əsasında əldə olunacaq nəticələrin mineral gübrələrin ekoloji cəhətdən səmərəli tətbiqi, torpaq münbitliyinin qorunması, kənd təsərrüfatında resurslardan dayanıqlı istifadə və ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində mühüm elmi əhəmiyyət daşıyır.