Vətən müharibəsi iştirakçıları ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlarla görüş keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı 44 günlük Vətən müharibəsinin tariximizin ən şanlı səhifəsi olduğunu və yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib. Bildirib ki, şanlı Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində qazanılıb. Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Bu şanlı tarixin yazılmasında Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbə və məzunlarının da payı olub.
Sonra fakültənin tələbə və məzunlarının Vətən müharibəsində iştirakını əks etdirən fotolarından ibarət slayd təqdim edilib.
Fakültənin əməkdaşları İsmayıl Əliyev, Şövqi Göyçaylı, Qismət Xanbabayev və Tahir İbrahimov çıxışlarında Vətən müharibəsinin tarixi əhəmiyyəti, regionda yaranan reallıqlar, gənc nəslin qarşısında duran mühüm məsələlər barədə danışıb, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillərdən biri olduğunu diqqətə çatdırıblar.
Ekologiya və torpaqşünaslıq fakültəsinin Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlarından Sübhan Əliyev, Rüfət Bəndəliyev, Elsəs Hüseynov, Nağı Tağıyev, İlkin Məmmədzadə (onlayn) çıxış edərək döyüş xatirələrini bölüşüblər.