Ustad dərsi keçirilmişdir
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Bioekologiya kafedrasının baş müəllimi Günel Sarıyevanın “Elmi tədqiqatın aparılması və elmi əsərin yazılması” mövzusunda ustad dərsi keçirilib.
Tədbirdə fakültə TEC-in sədri Raul İmanov ustad dərslərinin gənclərin elmi maraqlarının formalaşmasında və gələcək karyeralarına yön verməsində mühüm rol oynadığını vurğulayıb.
Məruzəçi tələbələrə elmi fəaliyyətin aparılmasının əsas mərhələləri, tədqiqat metodları, məlumatların toplanması və emalı, habelə elmi məqalələrin tərtibinə dair ətraflı məlumat verib.
Ustad dərsində elmi düşüncə tərzinin formalaşması, aktual mövzu seçimi və tədqiqatın planlaşdırılması, elmi yazı üslubu, ədəbiyyat siyahısının tərtibi və elmi əsərlərin beynəlxalq akademik standartlara uyğunluq məsələləri qeyd olunub.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.