Ustad dərsi keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov “Bərpa olunan enerji mənbələri və Azərbaycanda yaşıl enerjinin inkişafı: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda ustad dərsi keçib.
Fakültə dekanı, dosent Akif Ağbabalı bu cür maarifləndirici tədbirlərin tələbələrin bilik və bacarıqlarının artırılmasında, gələcək karyera seçimlərində əhəmiyyətli rol oynadığını vurğulayıb. O, məruzəçiyə və nümayəndə heyətinə təşəkkürünü bildirərək, tələbələrin gələcəkdə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin müvafiq strukturlarında istehsalat təcrübəsi keçmələrinin və təcrübə mübadilə proqramlarında iştirak etmələrinin əhəmiyyətini qeyd edib.
Məruzəçi Fəqan Abdurəhmanov yaşıl enerjinin ətraf mühitin mühafizəsində oynadığı roldan bəhs edərək, ölkəmizdə xüsusilə perspektivli hesab olunan külək və günəş enerjisi sahələrində həyata keçirilən layihələr, onların istehsal mexanizmləri və iqtisadi səmərəliliyi barədə ətraflı məlumat verib. O, həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üzrə cari vəziyyəti, quraşdırılmış külək və günəş elektrik stansiyalarının gücü və gələcək layihələr haqqında iştirakçılara geniş informasiya təqdim edib.
Sonda tələbələrin sualları cavablandırılıb.