Ustad dərs keçirilmişdir
Ekologiya və torpaqşünaslıq fakültəsində “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planına uyğun olaraq aqrar və ekologiya sahələri üzrə ustad dərslərinə başlanılıb.
Aqrar istiqamət üzrə ilk ustad dərsi “Heydər Əliyev irsi və aqrar islahatların elmi-nəzəri, praktiki əhəmiyyəti” layihəsi çərçivəsində “Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin müasir vəziyyəti: mövcud problemlər və onların həlli yolları” mövzusuna həsr olunub. Məruzəçi - Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Eldəniz Həsənov Azərbaycan Respublikasının vahid torpaq fondunun ümumi səciyyəsi, kadastr baza məlumatları əsasında elmi-nəzəri təhlili barədə məlumat verib.
Ölkəmizdə 1997-ci ildən etibarən həyata keçirilən aqrar-torpaq islahatı prosesində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri əsasında təsnif edilən torpaq ehtiyatlarının kənd təsərrüfatına yararlı uqodiyalarının (əkin, dinc, çoxillik əkmələr, biçənək və örüş sahələrinin) müasir istifadə vəziyyəti inzibati ərazi vahidlərinin timsalında təbii, iqtisadi və hüquqi baxımdan qiymətləndirilib.
Kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi, münbitliyinin mühafizəsi, əkin dövriyyəsi torpaqlarının məqsədli təyinatı və hüquqi rejimə uyğun olaraq istifadəçiliyində qəbul edilmiş hüquqi-normativ bazanın əsasları təhlil edilib, qarşıya çıxan təsərrüfatçılıq problemləri elmi-nəzəri cəhətdən dəyərləndirilib.
Ustad dərsində gələcəkdə bu istiqamətdə həyata keçirilən aqrar-torpaq islahatlarının Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılması ilə bağlı dövlət siyasətinin əsasları barədə müzakirə aparılıb.