Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda istehsalat təcrübəsi
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə təhsil alan IV kurs tələbələri Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda istehsalat təcrübəsindədirlər. Təcrübə zamanı tələbələr İnstitutun şöbə və laboratoriyaları ilə tanış olublar.
Tələbələr Aqrotexnologiya şöbəsində açıq və örtülü sahələrdə tərəvəz, bostan bitkilərinin becərilməsi prosesində iştirak ediblər. Onlar torpaqda səpin və əkinin aparılması, aqrotexniki qulluq işləri, Seleksiya şöbəsində ilkin materialın seçilməsi, müxtəlif seleksiya metodlarının köməyi ilə yeni sort və hibridlərin alınması qaydalarını öyrəniblər.
Toxumçuluq şöbəsində yerli və rayonlaşmış sortların ilkin toxumçuluğu, İstixana tərəvəzçiliyi şöbəsində pomidor, bibər, badımcan, xiyar və kahı bitkilərinin örtülü şəraitdə becərilməsi texnologiyası, onların seleksiyası və toxumçuluğu, Funksional analizlər laboratoriyasında gübrələmə rejimləri, fizioloji göstəriciləri, torpaq, bitki, su analizləri, aqrokimyəvi maddələrin qalıqları izah edilib. Bildirilib ki, Emal, saxlama və keyfiyyət laboratoriyasında məhsulun müasir üsullarla emalı, süni və təbii yolla qurudulması, konservləşdirilməsi, Bitki mühafizəsi laboratoriyasında müxtəlif mübarizə üsullarının tətbiqi ilə zərərli orqanizmlərin qarşısının alınması işləri aparılır. Aqrobiotexnologiya laboratoriyasında apikal meristem üsulu və kartofun mikroklonal artırılması yolu ilə sağlam və saf xətlərin alınması, alınmış bitkilərdən Kartofçuluq şöbəsində yeni sortların yaradılması, onların becərilmə texnologiyası öyrənilib.
Tələbələr Funksional analizlər laboratoriyasında ən müasir cihazlardan olan İCP-OES cihazında bitkidə, torpaqda və suda makro və mikroelementlərin, qaz və maye xromotokqraf cihazında pestisidlərin qalıqlarının, tərəvəz bitkilərinin müxtəlif orqanlarında quru, ekstraktiv maddələrin - şəkər, nişasta, nitrat və s. təyini prosesini izləyib, su nümunələrində onların iştirakı ilə nitrit, sulfat, xlorid ionlarının analizlərini aparıblar.