“İqlim fəaliyyəti və dəyişiklik günü”

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “İqlim fəaliyyəti və dəyişiklik günü” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin məqsədi tələbələr arasında iqlim dəyişikliyi, onun nəticələri və bu istiqamətdə görülən fəaliyyətlər barədə məlumatlılığı artırmaq, eyni zamanda ekoloji şüurun formalaşdırılmasına töhfə vermək olub.
Tədbirdə fakültənin Coğrafi ekologiya kafedrasının müdiri, dosent Məhluqə Yusifova iqlim fəaliyyəti və dəyişiklikləri haqqında geniş təqdimatla çıxış edib. O, qlobal iqlim böhranının səbəbləri, onun ekosistemlərə təsiri və iqlim fəaliyyətinin zəruriliyi barədə ətraflı məlumat verib.
Təlim interaktiv şəkildə keçib — tələbələr iqlim dəyişikliyi ilə bağlı suallarını ünvanlayıb və mövzu ətrafında maraqlı müzakirələr aparıblar.
Sonda tədbir iştirakçıları belə maarifləndirici təlimlərin ekoloji savadlılığın artırılması baxımından vacib rol oynadığını qeyd ediblər.