Tələbələr Şamaxıda çöl-tədris təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasları üzrə təhsil alan IV kurs tələbələri (Azərbaycan, rus və ingilis bölmələri üzrə) Şamaxı rayonunda çöl-tədris təcrübəsində olublar.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Səbahəddin Alışov tələbələrə rəsədxananın yaranma tarixi, ərazisi üçün Pirqulunun seçilmə səbəbi, görülən işlər və aparılan tədqiqatlardan danışıb. O, rəsədxanada müxtəlif illərdə istifadəyə verilmiş üfüqi Günəş, AST-452, AZT-8, “Seyss-600” teleskopları haqqında məlumat verib, onların işləmə mexanizmini izah edib.
Təcrübə zamanı tələbələrin sualları cavablandırılıb, astrofizika, qalaktikalar, “böyük partlayış”, “qara dəlik”, kosmosun çirklənməsi və s. mövzularda maraqlı diskussiyalar aparılıb.
Tələbələrə Dağlıq Şirvan iqtisadi-coğrafi rayonuna daxil olan Şamaxı rayonu, rayonda torpaq-landşaft komplekslərinin növləri, kənd təsərrüfatı, sənaye, istirahət-rekreasiya ehtiyatları və s. haqqında məlumat verilib. Rayonun müxtəlif ərazilərində havada ozonun, ammonyakın, suda və torpaqda pH-ın miqdarı təyin edilib, portativ dozimetr vasitəsi ilə müxtəlif yerlərdə radiasiyanın səviyyəsi ölçülüb. Sumqayıtçay, Ceyrankeçməz və Pirsaat çaylarının qidalanma rejiminin qiymətləndirilməsi, kadastr rayonları üzrə hündürlük qurşaqları boyunca torpaq tipləri, landşaft strukturu və meşə örtüyünün əvəzlənməsi prinsiplərinə yerində baxış keçirilib.
Bölgənin dini-sakral (Pirsaat baba kompleksi, Şamaxı Cümə məscidi) və tarixi-maddi abidələri (Türk şəhidliyi məzarları) ziyarət edilib. Yaşayış məntəqələrinin ərazi üzrə paylanması, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəli istifadəsi, dövlət və bələdiyyə fondu torpaqlarının məqsədli təyinatı və hüquqi rejimə görə reqlamentlərinin müqayisəli təhlilləri aparılıb.
Qafqazda yeganə eko-park olan Şamaxı Safari Parkına səfər zamanı ərazidə qorunub saxlanılan və sayı artırılan nəcib maral, xallı maral, Altay maralı, muflon, alkapa, lama və zubr kimi genetik qiymətli heyvanlar haqqında məlumat əldə edilib.
Təcrübənin sonunda tələbələr Qobustan rayonu ərazisində Kənd Təsərrüfatı Nazirliyinin Sərgi Mərkəzinə səfər edib, orda yerli mütəxəssislərin iştirakı ilə Heyvandarlıq kompleksinin işi ilə tanış olublar. Ən müasir texnologiyaların tətbiq edildiyi istehsalat sahələrində heyvanlara göstərilən qulluğun səviyyəsi tələbələrdə böyük maraq yaradıb. Səfərin sonunda tələbə və müəllimlər Qobustan rayonu ərazisində naməlum türk əsgərinin məzarını ziyarət ediblər.