Tələbələr “Geoid” MMC-də istehsalat təcrübəsində
Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə IV kurs tələbələri “Geoid” MMC-də istehsalat təcrübəsi keçirlər. Fakültənin “Geoid” MMC ilə əməkdaşlığı 4 ildir uğurla davam etməkdədir. “Geoid” MMC müvafiq icazə və lisenziyalarla geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti həyata keçirir. Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alan tələbələrin belə bir qurumda istehsalatla yaxından tanış olmaları onların praktiki biliklərinin artırılmasında müstəsna rol oynayır.
Təcrübənin əvvəlində tələbələr qeydiyyat işləri, texniki təhlükəsizlik qaydaları və müəssisənin struktur bölmələri ilə tanış olublar. Tələbələrə istifadə olunan avadanlıqlar göstərilib, onların iş prinsipləri izah edilib. Daha sonra müəssisə yaxınlığındakı park sahəsində çöl ölçmə işlərinə start verilib. Tələbələr çöl şəraitində sərbəst işləmək uçun nivelir, taxeometr, GNSS qəbuledicilərlə təmin olunub, həmçinin kameral şəraitdə kompüter proqramları vasitəsi ilə ərazidə görülən işləri emal ediblər.