Tələbə Elmi Cəmiyyətinin (TEC) xüsusi elmi seminarı keçirilib

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyinə həsr olunmuş “Ağıllı şəhərlər: müasir və ekoloji cəmiyyətə gedən yol” mövzusunda xüsusi elmi seminar keçirilib. Seminarda fakültənin IV kurs tələbəsi Cahandar İbadov təqdimatla çıxış edib. Məruzə zamanı müasir dövrdə sürətli urbanizasiya prosesinin yaratdığı ekoloji problemlər, şəhər mühitində resurs çatışmazlığı, nəqliyyat sıxlığı və hava çirklənməsi kimi aktual məsələlər təhlil olunub.
Çıxışda ağıllı şəhər konsepsiyasının əsas komponentləri – rəqəmsal infrastruktur, enerji səmərəliliyi, yaşıl memarlıq, ağıllı nəqliyyat sistemləri, tullantıların innovativ idarə olunması və ekoloji monitorinq mexanizmləri geniş şəkildə izah edilib. Qeyd olunub ki, bu model yalnız texnoloji yenilikləri deyil, eyni zamanda ekoloji məsuliyyət və sosial ədalət prinsiplərini özündə birləşdirir.
Seminar çərçivəsində beynəlxalq təcrübəyə də nəzər salınıb, müxtəlif ölkələrdə tətbiq olunan uğurlu ağıllı şəhər layihələri haqqında məlumat verilib və onların ekoloji nəticələri müqayisəli şəkildə təqdim olunub. Tələbələrin fəal iştirakı ilə keçirilən müzakirə hissəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilib.