Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi seminarı keçirilib

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində elmi seminar keçirilib.
Seminarda fakültənin II kurs tələbəsi Raul İmanov "Qarayazı Dövlət Təbiət Qoruğunda quşların növ müxtəlifliyinin tədqiqi" mövzusunda çıxış edib.
Məruzə zamanı qoruğun ümumi coğrafi mövqeyi, təbii şəraiti və bioloji müxtəlifliyi haqqında ətraflı məlumat verilib. Xüsusilə ərazidə yayılmış su-bataqlıq, quru və meşə ekosistemlərinə aid quş növləri ayrı-ayrılıqda təhlil olunub, onların yayılma xüsusiyyətləri və ekoloji rolu izah edilib. Eyni zamanda, müxtəlif biotoplarda müşahidə edilən quş növlərinin zənginliyi və onların qorunmasının əhəmiyyəti vurğulanıb.
Çıxışın əsas hissələrindən biri kimi, qoruqda aparılmış sahə müşahidələri əsasında əldə olunan məlumatlar təqdim edilib. 2025-ci ildə həyata keçirilmiş sayım nəticələri ilə cari ilin göstəriciləri müqayisə olunaraq quş populyasiyalarında baş verən dəyişikliklər təhlil edilib, artım və azalma tendensiyaları qeyd olunub. Bu müqayisə nəticəsində ətraf mühit faktorlarının və insan təsirinin quş müxtəlifliyinə təsiri də müzakirə edilib.
Çıxışı maraqla qarşılanmış və çoxsaylı suallar cavablandırılıb. Sonda çıxışçıya sertifikat verilmiş, həmçinin kitab hədiyyə edilib.