Təbiət Tarixi Muzeyində interaktiv dərs
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekologiya” ixtisası üzrə IV kurs tələbələrinə tədris edilən "Biomüxtəlifliyin qorunması" fənninin mühazirə və məşğələ dərsləri Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyində interaktiv tədris metodları ilə keçirilib.
Dərsin əsas məqsədi tələbələrə biomüxtəlifliyin məhv olması nəticəsində yaranmış fəsadları əyani şəkildə göstərməkdir.
Tələbələr Azərbaycanın paleozooloji və paleobotaniki abidələri ilə yaxından tanış olublar. Pirəkəşkül və Binəqədi kəndləri yaxınlığında tapılan dişli balina, dişsiz sarmat balinası, kərgədan, hepard, Binəqədi sayğası, Binəqədi canavarı, Binəqədi qonur ayısı, Binəqədi maralı, Vinoqradov tirəndazı, mağara kaftarı, ibtidai öküz, bitki qalıqları və digər canlıların fosil və skeletləri haqqında ətraflı məlumatlar əldə ediblər.
Paleozooloji tədqiqatlar əsasında tapılan fauna nümunələri Abşeron yarımadasının şimal-qərb hissəsində yerləşən Pirəkəşkül üçüncü dövr faunasına (30 mln. ilə qədər), Abşeron yarımadasının mərkəzində yerləşən Binəqədi dördüncü dövr fauna və florası ərazisinə (180 min il), “Ellər oyuğu” ərazisində yerləşən Yuxarı Sarmat dövrünün Eldar faunasına (9-12 mln. il) aid olub.
Tələbələrə Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə daxil edilən nəsli kəsilməkdə və təhlükə altında olan növlər haqqında da məlumat verilib. Bildirilib ki, “Qırmızı Kitab”ın III nəşrinə nəsli kəsilməkdə və təhlükə altında olan 241 növ heyvan daxil edilib. Onlardan 3-ü molyusklara, 84-ü buğumayaqlılara, 11-i balıqlara, 6-sı suda-quruda yaşayanlara, 18-i sürünənlərə, 78-i quşlara, 39-u məməlilərə aiddir.