"Şəhər kadastrı" ixtisaslaşması üzrə mütəxəssislər hazırlanacaq
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 2024/2025-ci tədris ilindən magistratura pilləsində "Şəhər kadastrı" ixtisaslaşması üzrə mütəxəssislərin yetişdirilməsinə başlanılacaq.
Şəhər kadastrı - şəhərin fəaliyyəti və təminatı, buradakı obyektlərin hüquqi, təbii, iqtisadi və təsərrüfat vəziyyəti üzrə ümumi məlumatların nizama salınmasıdır. Şəhər kadastrı istifadəçilərə kadastr məlumatlarının verilməsi, qeydiyyatı, qorunub saxlanılması, emalı, təhlili, toplanması, yerləşdirilməsini təmin edən təşkilati quruluşa malikdir.
Vətən müharibəsindəki qələbədən sonra Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında düşmən qüvvələri tərəfindən dağıdılmış şəhərlərimizin bərpası və yenidən qurulması indiki dövrdə şəhər təsərrüfatı sisteminə yeni yanaşma ("ağıllı şəhər", "ağıllı nəqliyyat", "yaşıl enerji" və s.) tələb edir. "Şəhər kadastrı" ixtisaslaşması üzrə yetişən, ekologiya, yerquruluşu, torpaqşünaslıq, daşınmaz əmlakın kadastrı, ətraf mühitin mühafizəsi və s. ilə bağlı elmi-nəzəri əsasları mənimsəyən kadrların işğaldan azad edilmiş ərazilərin quruculuğunda iştirakı mühüm əhəmiyyət kəsb edir.
İri nəqliyyat dəhlizlərinin ("Bir kəmər, bir yol") ölkəmizin ərazisindən keçməsi, investisiyaların əsasən şəhər təsərrüfatı sisteminə yönəldilməsi, iri və məhəlli Sənaye Parklarının yaradılması, şəhər təsərrüfatı ilə bağlı xarici-inteqrativ əlaqələrin genişləndirilməsi də "Şəhər kadastrı" ixtisaslaşması üzrə kadr hazırlığının vacibliyini şərtləndirən amillərdəndir.
"Şəhər kadastrı" ixtisaslaşmasının magistrantları təhsil aldıqları müddətdə BDU-da, Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsinin struktur bölmələrində, "Azərkosmos" ASC-də, eləcə də müxtəlif təyinatlı idarə, müəssisə və təşkilatlarda təcrübə toplamaq imkanlarına malik olacaqlar.