Şamaxı və Qobustan rayonlarında çöl-tədris təcrübəsi
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasları üzrə təhsil alan IV kurs tələbələri (Azərbaycan, rus və ingilis bölmələri üzrə) Şamaxı və Qobustan rayonlarında çöl-tədris təcrübəsində olmuşlar.
Tələbələrə Dağlıq Şirvan iqtisadi-coğrafi rayonuna daxil olan Şamaxı rayonu haqqında məlumat verilmişdir. Qeyd olunub ki, respublikanın əsas ictimai-siyasi mərkəzi olan Abşeron iqtisadi rayonu ilə, xüsusilə Bakı və Sumqayıt şəhərləri ilə yaxınlığı Şamaxıya əlverişli iqtisadi-coğrafi mövqe qazandırır. Tələbələr rayonda torpaq-landşaft komplekslərinin rast gəlinən növmüxtəlifliyi, kənd təsərrüfatı, sənaye, istirahət-rekreasiya ehtiyatları barədə məlıumatlarla tanış olmuşlar.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında tələbələrə astrofizika, qalaktikalar, “böyük partlayış”, “qara dəlik”, kosmosun çirklənməsi kimi mövzular üzrə məlumat verilmişdir.
Şamaxı rayonunun Pirqulu ərazisində dağ meşə-qonur torpaqlarda və Qobustan rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (QBTS) torpaq kəsimləri qoyulmuçdur. Stansiyanın direktoru, biologiya elmləri doktoru Atabəy Cahangirli QBTS-də aparılan işlər, dənli taxıl bitkiləri yetişdirilən ərazinin torpaq-iqlim şəraiti ilə tələbələri tanış etmişdir. Torpaq kəsiminin morfogenetik təsviri qatlar üzrə ətraflı izah olunmuşdur. Bu zaman genetik horizont, genetik qat, ana süxur, torpaq törəmələri və sair anlayışlar praktiki və əyani göstərilməklə tələbələrin diqqətinə çatdırılmışdır. Torpaq kəsimindən götürülmüş nümunələr BDU-da fiziki-kimyəvi analiz olunacaqdır.
Təcrübə ərzində torpaq-bitki örtüyünün yayılması qanunayğunluqları, çayların qidalanması rejiminin qiymətləndirilməsi, kadastr rayonları üzrə hündürlük qurşaqları boyunca torpaq tiplərinin, landşaft strukturu və meşə örtüyünün əvəzlənməsi prinsiplərinə yerində baxış keçirilmişdir. Şamaxı və Qobustanın fərqli ərazilərində, müxtəlif landşaftlarda atmosfer havasında ozonun, ammonyakın miqdarı, suda və torpaqda pH-ın miqdarı təyin edilmiş, portativ dozimetr vasitəsi ilə müxtəlif yerlərdə radiasiyanın səviyyəsi ölçülmüşdür.