Rusiyanın “Молодой ученый” beynəlxalq elmi jurnalının növbəti nömrəsi akademik Rəfiqə Əliyevaya həsr olunub
Rusiya Federasiyasının “Молодой ученый” beynəlxalq elmi jurnalının 2022- ci il üçün fevral nömrəsi kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi Rəfiqə Əliyevaya həsr olunub. Jurnalda Rəfiqə Əliyevanın həyat və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Məlumatda qeyd olunub ki, professor Rəfiqə Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilib və onların fotometrik reagent kimi tətbiq edilməsi təklif olunub. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlıq hesablanıb və alınan nəticəyə əsasən, bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılıb. Professor Rəfiqə Əliyeva qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində geniş işlər aparıb. O, ilk dəfə olaraq qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürüb. Rəfiqə Əliyeva təcrübi faktların analizinə əsasən müəyyən edib ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə edilən üçüncü komponent metala koordinasiya edəndə kompleks birləşmələrin davamlılığı artır, bu isə seçiciliyin artmasına səbəb olur.
Professor Rəfiqə Əliyevanın rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanıb.
Rəfiqə Əliyeva Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Əməkdar elm xadimi” adı, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Yusif Məmmədəliyev adına mükafat alıb. O, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfin¬dən “2001-ci ilin adamı” və “2001-ci ilin işgü¬zar qadını” seçilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı və Heydər Əliyev adına mükafatına layiq görülüb. Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri və Analitik kimya ixtisası üzrə Azərbaycanda ilk qadın akademik olub.
“Молодой ученый” beynəlxalq elmi jurnalı 2008-ci ildən Rusiyanın Kazan şəhərində nəşr olunur. Gənc alim və tədqiqatçıların elmi işlərinin nəticələri məqalələr şəklində bu jurnalda ayda iki dəfə dərc edilir. “Молодой ученый” beynəlxalq elmi jurnalı elibrary.ru portalında yerləşdirilib. Jurnal Ulrich's Periodicals Directory beynəlxalq dövri nəşrlər kataloquna daxildir və bütün jurnal məqalələri “Google Scholar” sistemi (“Google Academy”) tərəfindən indekslənir.
“Молодой ученый” beynəlxalq elmi jurnalı açıq girişli (open access) resenziyalı nəşrdir. BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının professor- müəllim heyətinin, doktorant və magistrantlarının elmi əsərləri mütəmadi olaraq bu jurnalda çap olunur.
“Молодой ученый” elmi jurnalının hər nömrəsinin üz qabığında dünya şöhrətli alim, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin şəkilləri, birinci səhifəsində isə həmin adamlar haqqında məlumat verilir.