Respublika elmi konfransı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Torpaq islahatının yeni mərhələsi və ekoloji problemlərin həlli” mövzusunda Respublika elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkədə kənd təsərrüfatının və aqrar sahənin inkişafında mühüm nailiyyətlərə imza atılıb. Məhz həmin dövrdə Ulu Öndərin diqqət və qayğısı nəticəsində ölkədə meliorasiya və su təsərrüfatı, pambıqçılıq, üzümçülük və kənd təsərrüfatının digər sahələrində uğurlu islahatlar aparılıb, bir sıra qərar, fərman və sərəncamlar imzalanıb, dövlət proqramları və qanunlar qüvvəyə minib. Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük uğurla həyata keçirilmiş torpaq islahatları da Ulu Öndərin adı ilə bağlıdır.
Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib.
Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva Ümummilli Liderin respublikamızın ətraf mühitinin qorunması sahəsindəki xidmətləri və ekoloji siyasətindən bəhs edib. O bildirib ki, Ümummilli Liderin hakimiyyəti dövründə ölkəmizdə bir çox ekoloji layihələr həyata keçirilib. Onun rəhbərliyi ilə ekoloji məsələlər dövlət siyasətinin mühüm bir hissəsinə çevrilib. Bu siyasətin əsas məqsədi təbiətə qarşı insan fəaliyyətinin zərərlərini minimuma endirmək, təbii sərvətləri səmərəli şəkildə istifadə edərək, ətraf mühitin qorunmasına yönəlmiş qanunvericiliyi gücləndirmək və ekosistemi bərpa etmək idi.
Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müdiri, akademik Qərib Məmmədov Ümummilli Lider Heydər Əliyevin Torpaq İslahatı Modelinin mahiyyətindən, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsindəki xidmətlərindən, Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı Ulu Öndər Heydər Əliyevin irsi və Azərbaycan təbiətinin mühafizəsi barədə ətraflı məlumat veriblər. Çıxışlarda Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı ilə ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğu, sabitliyin bərqərar olduğu, xarici siyasətdə böyük uğurlar qazanıldığı vurğulanıb.
Plenar məruzədə BDU-nun Coğrafi ekologiya kafedrasının müəllimi Türkan Məmişova “Ağdam rayonunun peyk təsvirlərinə əsaslanan ekoloji dəyişikliklərinin fazial analizi” və Bioekologiya kafedrasının doktorantı Ramil Həsənov “Qızılağac Milli Parkının su-bataqlıq ekosisteminə təsirlərin səciyyəsi” mövzularında çıxış ediblər.
Konfrans işini beş bölmə üzrə davam etdirib.