Rəfiqə Əliyevanın 90 illiyinə həsr olunmuş fotomüsabiqə
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində akademik Rəfiqə Əliyevanın 90 illiyinə həsr olunmuş Azərbaycan təbiətinin füsunkarlığını özündə əks etdirən "Təbiət qığılcımı" adlı fotomüsabiqə keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın müxtəlif bölgələrinin gözəlliyini fotolar vasitəsilə təbliğ etmək, gənc nəslin ekoloji tərbiyəsini gücləndirməkdir.
İki mərhələdə keçirilən müsabiqənin finalında 34 namizədin 65 fotosu qiymətləndirilib.
Yekun qiymətləndirmənin nəticələrinə əsasən, müsabiqədə I yerə Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə I kurs tələbəsi Fərid Ağababalının Oğuz rayonu ərazisində çəkdiyi “Ağaclıq” fotosu layiq görülüb.
II yeri Balakən rayonu ərazisində çəkdiyi “Daşlar” fotosu ilə Torpaqşünaslıq ixtisaslaşması üzrə II kurs magistrantı Cavid Nurməmmədov tutub. III yerə isə Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə I kurs tələbəsi Fərid Ağababalının Oğuz rayonu ərazisində çəkdiyi “Meşə” və Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə cari ilin məzunu Xalidə Şabanovanın Zaqatala rayonu ərazisində “Lil fraksiyaları” fotoları layiq görülüb.