Professor Ş.Y.Göyçaylı 90 yaşı tamam olur
Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının “Şöhrət” ordenli və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şövqi Yusifziya oğlu Göyçaylının 2025-ci ilin 20 may tarixində 90 yaşı tamam olur.
Professor Ş.Y.Göyçaylı 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti (BDU)) Geologiya-Coğrafiya fakültəsində tələbə, 1961-1964-cü illərdə isə həmin fakültədə aspiranturada təhsil almışdır. 1965-ci ildə dissertasiya işi müdafiə edərək coğrafiya elmləri namizədi, 1988-ci ildə isə coğrafiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. O, həmçinin 1971-ci ildə dosent, 1989-cu ildə isə professor elmi adlarını almışdır. Professor Şövqi Göyçaylı 1964-cü ildən BDU-da çalışır.
Professor Şövqi Göyçaylı 1964-1965-ci illərdə BDU-nun Elmi-tədqiqat sektorunda elmi işçi; 1965-1967-ci illərdə Geologiya-Coğrafiya fakültəsində dekan müavini; 1965-1980-ci illərdə BDU-nun İqtisadi-sosial coğrafiya kafedrasında laborant, metodist, baş müəllim, dosent; 1981-2019-cu illərdə BDU-nun Coğrafi ekologiya kafedrasında müdir vəzifələrində işləmişdir. 2019-cu ilin sentyabr ayından hal hazıradək BDU-nun Coğrafi ekologiya kafedrasının professorudur.
Professor Şövqi Göyçaylı 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi, 2001-ci ildə K. Polinq adına Beynəlxalq Elmi İnkişaf Akademiyasının Azərbaycan filialının üzvü, 2002-ci ildə Rusiya Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin mühafizəsi Elmlər Akademiyasının həqiqi üzvü, 2008-ci ildə Amerikanın Biocoğrafiya İnstitutu tərəfindən "İlin adamı", 2009-cu ildə Azərbaycan Respublikasının “Şöhrət“ ordeni, 2014-cu ildə Avropa “Nəşr evi“ tərəfindən “Ən Yaxşı Vətənpərvər Tədqiqatçı“ alim Qızıl Medalı, 2015-ci il ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür. Professor Ş.Göyçaylı 2018-ci ildə Qafqaz Media İçtimai Birliyi tərəfindən “Heydər Əliyev Zirvəsi“ diplomu, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü və Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) yubiley medalı olmaqla çoxsaylı Fəxri adlar və diplomları təltif olunmuşdur.
Professor Şövqi Göyçaylı 1968-ci ildən başlayaraq 15-ə dək Dövlət əhəmiyyətli proqramlarda, təsərrüfat müqaviləli mövzularda və qrant layihələrində həmmüəllif, iştirakçı və rəhbər kimi iştirak etmişdir.
Professor Şövqi Göyçaylı 2018, 2017, 2016, 2015, 2014, 1993, 1987, 1985, 1984, 1976, 1966, 1965, 1963 və b. illərdə keçmiş SSRİ-nin və müstəqil Azərbaycan Respublikasının əhali problemləri, əhalinin coğrafiyası, ətraf mühiti mühafizə və ekologiyaya dair respublika və beynəlxalq miqyaslı konfranslarda çıxışlar və məruzələr etmişdir (Bakı, Daşkənd, Bişkek, Moskva, Leninqrad, Qorki, Perm, Kiyev, İstanbul, Sakarya, Təbriz və b. şəhərlərdə). O həmçinin, Azərbaycan Respublikası Coğrafiya Cəmiyyətinin qurultaylarında BDU-nu, SSRİ-nin Coğrafiya Cəmiyyətinin qurultaylarında Azərbaycanı təmsil edən coğrafiyaçıların nümayəndə heyətinin üzvü olmuşdur.
Professor Şövqi Göyçaylı 250-dən çox elmi əsərin, 15 dərslik və dərs vəsaitinin, 5 monoqrafiyanın və 4 iri miqyaslı xəritənin müəllifidir. Professor Şövqi Göyçaylının rəhbərliyi və elmi məsləhətçiliyi ilə 20 elmlər namizədi və 4 elmlər doktoru müdafiə etmişdir.
90 yaşlı görkəmli alim mənalı həyatını xalqımızın gələcəyi və dövlətimizin qüdrətlənməsi naminə bu gündə gənc nəslin yüksək səviyyəli vətəndaş kimi yetişməsi cəbhəsində var gücü ilə çalışır, ona bu yolda yeni-yeni uğurlar, möhkəm can sağlığı və uğurlar arzulayırıq!