Növbəti elmi seminar keçirilmişdir
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Kür çayının hidroloji rejimi, suyun keyfiyyəti və istifadə səviyyəsi” mövzusunda elmi seminar keçirilmişdir.
Coğrafi ekologiya kafedrasının doktorantı Elnur Nağıyev mövzu ilə bağlı araşdırmalarını təqdim etmişdir. Tədqiqat obyekti kimi Kür çayının aşağı axınında yerləşən Mingəçevir, Yevlax, Zərdab, Sabirabad, Salyan, Şirvan və Neftçala şəhərləri götürülmüşdür. Bu şəhərlərin hidroloji şəraitinin qiymətləndirilməsi və ekoloji problemlərinə dair 2000-2022-ci illəri əhatə edən məlumatlar toplanıb və təhlillər aparılmışdır.
Kürün aşağı axınında yerləşən şəhərlərdə 2000-2022-ci illər üçün sudan istifadənin öyrənilməsinin istiqaməti müəyyən edilmişdir. Müqayisə üçün 2000-ci il və 2022-ci illərdə əhalinin sudan kənd təsərrüfatında və istehsal sahələrində nə qədər istifadə etməsi təhlil olunmuşdur.
Çöl tədqiqatları və monitorinqin nəticələrinə əsasən, Mingəçevir, Zərdab və Şirvan şəhərlərinin kanalizasiya sularının təmizlənmədən Kür çayına axıdılması onun çirklənməsi və suyunun keyfiyyətinin aşağı düşməsinə səbəb olmuşdur. Su resurslarından və ehtiyatlardan səmərəli istifadə edilməsi məqsədilə tədqiqat əraziərində regionlararası və kəndlərarası məntəqələrdə yeraltı, tullantı, kanalizasiya sularını təmizləmək məqsədilə su təmizləmə sistemlərinin yaradılmasının məqsədəuyğun olduğu bildirilmişdir. Seminarda tədqiqat ərazilərində sutəmizləyici qurğuların yerləşdirilməsi məqsədilə xüsusi xəritə sxeminin tərtib edilməsini vacibliyi də vurğulanmışdır.