Növbəti elmi seminar keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının doktorantı Şəfəq Bağırovanın “Abşeron şəraitində Şərqi Asiya mənşəli ağac və kol bitkilərinin introduksiyasının elmi əsasları” mövzusunda məruzəsi dinlənilib.
Abşeron yarımadası yarımsəhra zonasında yerləşir. Çirklənmiş ətraf mühiti olan Abşeronun mövcud təbii bitki örtüyü atmosferin təmizlənməsində və bölgənin ekoloji tarazılığının qorunub saxlanılmasında əhəmiyyətli dərəcədə rol oynaya bilmir. Buna görə də ətraf mühitin tənzim olunmasında Abşerona yeni, dekorativliyi, adaptasiya tolerantlığı geniş olan bitki növlərini cəlb etməklə onların imkanlarından istifadə etmək böyük əhəmiyyətə malikdir. Bakı şəhərinin dekorativ, adaptasiya imkanları geniş olan yeni növlərlə zənginləşdirilməsi ekoloji şəraitinin daha da yaxşılaşdırılması və bu növlərin istifadə perspektivliyinin müəyyən edilməsi tədqiqatçıların qarşısında duran ən aktual məsələlərdən biridir. Bu baxımdan Abşeron şəraitində Şərqi Asiya florasına aid bəzi ağac və kol növlərin bioekoloji xüsusiyyətlərinin tədqiqi, introduksiya imkanlarının və dekorativ əlamətlərinin aşkar edilməsi, yaşıllaşdırma eləcədə sənayenin digər sahələrində istifadə perspektivliyinin müəyyən edilməsi baxımından mövzu aktual olub, əhəmiyyətlidir.
Yuxarıda qeyd olunanları əsas götürərək, tərəfimizdən Rusiya Elmlər Akademiyasının Baş Botanika Bağından toxum yolu ilə ilk dəfə olaraq Azərbaycana Şərqi Asiya florasına aid 17 yeni növ ( Hydrangea bretschneideri Dippel, Abies sachalinensis F.Schmidt, Picea jezoensis (Siebold &Zucc) Carr., Buddleja japonica Hemsley, Picea gemmata Rehder & E.H.Wilson, Maackia amurensis Rupr., Tetradium daniellii (Benn.) T.G.Hartley, Abies koreana E.H.Wilson., Padus maackii (Rupr.) Komarov., Thujopsis dolobrata (Thunb.ex L.f.), Microbiota decussata Kom., Clematis fusca Turcz., Clerodendrum trichotomum Thunb., Stranvaesia davidiana Decne., Chamaecyparis pisifera (Siebold & Zucc.), Taxus cuspidata (Siebold & Zucc.), Thelycrania alba (L.) Pojark. ) tərəfimizdən gətirilərək, Mərkəzi Nəbatət Bağının təcrübə sahəsində qapalı məkanda əkilmişdir. Hal-hazırda həmin bitki növləri Mərkəzi Nəbatat Bağında xüsusi ayrılmış açıq sahəyə köçürülmüşdür. Tədqiqatın materialları, şəraiti və metodikası tədqiq edilmişdir. Həmçinin eksperimental işlərin yerinə yetirilməsi üçün müasir metodlar araşdırılaraq istifadə edilmişdir.
Tədqiq olunan bitkilərin ex situ və in situ şəraitində böyümə və inkişaf xüsusiyyətlərinin tədqiqi öyrənilmişdir. Tədqiqat işini yerinə yetirərkən tədqiq olunan bitkilərin həyat tsiklinin demək olar ki, bütün inkişaf dövrlərini (latent dövr istisna olmaqla) əhatə etmişdir. Tədqiq olunan bitkilərin taksonomiyası, xarakteristikası və bioekoloji xüsusiyyətləri, tədqiq olunan bitkilərin vegetativ və generativ çoxalma xüsusiyyətləri öyrənilmişdir.
Sonra seminar iştirakçılarının çoxsaylı sualları cavablandırıldı