Maarifləndirici tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Ekologiya və torpaqşünaslıq, Geologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə “22 Aprel - Beynəlxalq Yer Günü”nə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov və Geologiya fakültəsinin Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev Yer kürəsinin formalaşmasının tarixi inkişaf mərhələlərindən, planetimizin yaranma prosesi, ilkin geoloji mərhələlər, Yer qabığının təşəkkülü və zamanla baş verən dəyişikliklər, Yer kürəsinin daxili quruluşu, onun əsas təbəqələri, yer təkində baş verən tektonik proseslər, zəlzələlər, vulkanizm və bu proseslərin insan həyatına təsiri haqqında ətraflı məlumat veriblər.
Tədbirdə daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi, c.ü.f.d. Şahnaz Amanova çıxış edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci bəndi – “Dayanıqlı şəhərlər və icmalar” mövzu ətrafında çıxış edib. O, urbanizasiya şəraitində ətraf mühitin qorunması, torpaq resurslarının səmərəli idarə olunması, ekoloji balansın saxlanılması və dayanıqlı şəhər planlaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Şahnaz Amanova bu istiqamətdə gənclərin maarifləndirilməsinin və onların təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirin növbəti hissəsində isə Yer haqqında biliklərin yoxlanılması məqsədilə intellektual yarış keçirilib. Tələbələr arasında sağlam rəqabət mühiti yaradılıb, onların həm nəzəri biliklərini, həm də çevik düşünmə bacarıqlarını üzə çıxarmaları üçün şərait yaradılıb.