IV kurs tələbələri istehsalat təcrübəsindədirlər.
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə IV kurs tələbələri Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda istehsalat təcrübəsindədirlər.
Təcrübə müddətində tələbələr İnstitutun şöbə və laboratoriyaları ilə tanış olur, Aqrotexnologiya şöbəsində açıq və örtülü sahədə tərəvəz, bostan bitkilərinin becərilməsi zamanı torpağın seçilməsi, əkinə hazırlanması, səpin və əkinin aparılması, aqrotexniki qulluq işlərini öyrənirlər. Seleksiya şöbəsində ilkin materialın seçilməsi, müxtəlif seleksiya metodlarının köməyi ilə yeni sort və hibridlərin alınması qaydaları izah edilir. Toxumçuluq şöbəsində yerli və rayonlaşmış sortların ilkin toxumçuluğu, İstixana tərəvəzçiliyi şöbəsində pomidor, bibər, badımcan, xiyar və kahı bitkilərinin örtülü şəraitdə becərilməsi texnologiyası, onların seleksiyası və toxumçuluğu, Funksional analizlər laboratoriyasında bitkilərin gübrələmə rejimləri, fizioloji göstəriciləri, torpaq, bitki, su analizləri, onlarda olan aqrokimyəvi maddələrin qalıqları, Emal, saxlama və keyfiyyət laboratoriyasında məhsulun müasir üsullarla emalı, süni və təbii üsullarla qurudulması, konservləşdirilməsi, Bitki mühafizəsi laboratoriyasında zərərli orqanizmlərə qarşı müxtəlif mübarizə üsullarının tətbiqi, Aqrobiotexnologiya laboratoriyasında apikal meristem üsulu ilə kartofun mikroklonal artırılması yolu ilə sağlam və saf xətlərin alınması, alınmış bitkilərdən Kartofçuluq şöbəsində yeni sortların yaradılması, onların becərilmə texnologiyası öyrənilir.
Funksional analizlər laboratoriyasında ən müasir cihazlardan olan İCP-OES cihazında bitkidə, torpaqda və suda müxtəlif makro və mikroelementlərin, qaz və maye xromotokqraf cihazında pestisidlərin qalıqlarının, tərəvəz bitkilərinin müxtəlif orqanlarında quru maddənin, ekstraktiv maddənin, şəkər, nişasta, nitratın və s. təyini tələbələrin diqqətini çəkən əsas məqamlardandır. Təcrübə müddətində tələbələr laboratoriyalarda su nümunələrində nitrit, sulfat, xlorid ionlarının təyinini də aparırlar.