IV kurs tələbələr Quba rayonunda çöl-tədris təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasları üzrə təhsil alan IV kurs tələbələri (Azərbaycan, rus və ingilis bölmələri üzrə) Quba rayonunda çöl-tədris təcrübəsində olmuşdurlar.
Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə təhsil alan tələbələrə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzinin ərazisində gözəyarı planalmanın xüsusiyyətləri izah edilib, 1: 10 000 miqyasında ərazinin təsviri aparılıb. Ətrafın irimiqyaslı kartoqrafik materialı əsasında torpaqdan istifadənin müasir vəziyyəti, torpaqların məqsədli təyinatı və hüquqi rejimi başa salınmışdır. Quba rayonu ərazisində Qaraçayın yatağının şərti yararsız torpaq sahələrinin tarixi dövr ərzində inkişafı, müasir vəziyyəti və idarəolunmasının prinsipləri naturada tələbələrə izah edilmişdir. Həmçinin Qaraçayın ümumi hövzəsi, mənbəyi, mənsəbi, digər hidroloji və ekoloji xüsusiyyətləri barədə də geniş məlumat verilmişdir.
Tələbələrə Quba Tədris-Təcrübə və İstirahət Mərkəzinin ərazisində xarakterik yerdə torpaq kəsimi qoyulub. Torpaq kəsiminin morfogenetik səciyyəsi aparılmışdır. Belə ki, torpaq kəsimi üzrə torpaq horizontları, torpaq qatları, torpaq törəmələri və s. göstəricilər torpaq taksonomik vahidi üzrə izah edilib. Kəsimdən götürülmüş nümunələr fiziki-kimyəvi təhlil üçün BDU-ya gətirilmişdir.
Daha sonra yüksəklik qurşaqları üzrə landşaftın dəyişmə xüsusiyyəti və ətraf ərazinin təbii komponentlərinin ilkin gözəyarı ekoloji qiymətləndirilməsi aparılmışdır. Qaraçay çayından suyun keyfiyyətini ölçmək üçün nümunələr götürülmüşdür.