İstehsalat təcrübəsi başa çatıb
Ekologiya və torpaqşünaslıq fakultəsinin Ekologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələriin “Eko Monitorinq” MMC-də istehsalat təcrübəsi başa çatıb.
Tələbələr təcrübə müddətində “Eko Monitorinq” MMC-nin ixtisaslaşdığı bütün sahələrlə tanış olublar. Tələbələrə istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektlərində qanunvericiliklə tələb olunan ekoloji normativ sənədlərin hazırlanma qaydası, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırma prosesi tədris olunub.
Onlar ətraf mühitin vəziyyətinə, insan sağlamlığına təbii və antropogen təsirlərin başvermə ehtimalı ilə yanaşı, “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” və digər ekoloji normativ sənədlər (Ekoloji pasport, “Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası”, Atıla Bilən Tullantı Həddi (ABTH), Buraxıla Bilən Axıntı Həddi (BBAH), “Atmosfer havasına atılan zərərli maddələrə dair” (2Tg) hesabat, rekultivasiya layihəsi və s.) barədə geniş məlumat əldə ediblər.
Təcrübə proqramının sonunda tələbələrdən Leyla Quliyeva “Eko Monitorinq” MMC-də işə qəbul olunub. Bildirilib ki, təcrübədə olan digər tələbələrin də “Eko Monitorinq” MMC-nin əməkdaşlıq etdiyi digər şirkətlərdə müvafiq sahə üzrə işlə təmin edilmələrinə dəstək göstəriləcək.