“Heydər Əliyev-Qəlbimizdə yaşayan irs, yolumuza işıq tutan ad” mövzusunda tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə Ümummilli “Heydər Əliyev-Qəlbimizdə yaşayan irs, yolumuza işıq tutan ad” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı Ulu Öndər Heydər Əliyevin anım gününün Azərbaycan xalqı üçün dərin ehtiram və minnətdarlıqla yad edilən böyük bir tarix olduğunu bildirib. Qeyd edib ki, Onun qurduğu möhkəm dövlətçilik fəlsəfəsi müasir Azərbaycanın inkişaf xəttini müəyyən edən əbədi ideyalar sistemidir.
Daha sonra çıxış edən YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin anım günü onun dövlətçiliyimiz üçün yaratdığı möhtəşəm irsin dəyərləndirildiyi vacib bir tarixi gündür. Ulu Öndər Heydər Əliyev Azərbaycanı yenidən dirçəldərək xilaskar lider kimi xalqın yaddaşında əbədi yaşayır. Onun irsi Azərbaycan dövlətçiliyinin sarsılmaz təməlidir.
Daha sonra çıxış edən Ekoloji kimya kafedrasının müdiri Sevinc Hacıyeva vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin anım günü onun dövlətçilik irsinin dəyərinin bir daha qiymətləndirildiyi gündür. Bu irs Prezident İlham Əliyev tərəfindən yeni tarixi uğurlarla daha da gücləndirilib. Xalqımız Ulu Öndərin xatirəsini qürur və minnətdarlıqla anır. Onun irsi hər nəslə yol göstərən əbədi ideyalar sistemidir. Bu anım günü həm də bizə Qalib Azərbaycan reallığının təməlində Ümummilli Lider Heydər Əliyev irsinə olan dərin bağlılığı bir daha göstərir.
Daha sonra çıxış edən Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İsmayıl Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin anım günü Azərbaycan üçün həm yaddaş, həm də dövlətçilik dərsidir. Onun yaratdığı möhkəm təməllər bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan regionun lider dövləti kimi tarixdə yeni mərhələyə qədəm qoyub. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər Ulu Öndər Heydər Əliyev irsinin real təntənəsidir. Xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edir.
Sonda çıxış edən Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı bildirib ki, Ulu Öndər Heydər Əliyevin anım günü onun Azərbaycan üçün gördüyü misilsiz işlərin xatırlandığı dəyərli günlərdən biridir. Onun yaratdığı siyasi məktəb bu gün Prezident İlham Əliyev tərəfindən daha geniş miqyasda inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm siyasi, həm hərbi, həm də iqtisadi sahələrdə böyük Qələbələrə imza atmışdır. Qarabağın azad edilməsi Ulu Öndərin ideyalarının tarixi reallaşmasıdır. Xalqımız həm Ulu Öndərin, həm də onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin gördüyü işlərlə qürur duyur. Ümummilli Lider Heydər Əliyevin xatirəsi hər zaman ehtiramla yaşadılır.