"Gənc torpaqşünaslar klubu" layihəsinin açılışı
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi və “Aqrar İnkişaf Könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə "Gənc torpaqşünaslar klubu" layihəsinin açılışı olub.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı son illər ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını bildirib. Qeyd edib ki, bu hərəkat gənclərin sağlam amal uğrunda təşkilatlanması, dostluq mühitinin yaranması, cəmiyyətə təmənnasız töhfə vermək vərdişlərinin aşılanması baxımından çox faydalıdır. Sahəvi könüllü təşkilatlardan olan “Aqrar İnkişaf Könüllüləri”nin fəaliyyəti gənclər arasında aqrar sahə üzrə bilik, bacarıq və vərdişlərin artırılmasına xidmət edir.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdir müavini Məmməd Həziyev torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, ekologiya sahələrinin ölkədəki əhəmiyyətini açıqlayaraq gənc könüllülərə bu sahələrdəki fəaliyyətlərində uğurlar arzulayıb.
“Aqrar İnkişaf Könüllüləri” təşkilatının sədr müavini Ramiz Sultanov tərəfindən təşkilatın ümumi fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verilib.
BDU-nun Coğrafi ekologiya kafedrasının müdiri Məhluqə Yusifova, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi Qismət Xanbabayev də çıxışlarında bu yönümlü tədbirlərin gənclərin yaxşı mütəxəssis və şəxsiyyət kimi formalaşmasında müsbət cəhətlərindən danışıblar.