Elmi seminar keçirilmişdir

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının doktorantı Quliyeva Ləman Asif qızı “Xəzər dənizinin sahilboyu landşaftlarının texnogen təsirlərə qarşı assimilyasiya potensialının qiymətləndirilməsi” mövzusunda elmi seminarda çıxış etmişdir.
Məruzəçi Xəzər dənizi sahilboyu zonasında yerləşən torpaqların fiziki-kimyəvi və bioloji xüsusiyyətlərini təhlil etməklə onların texnogen çirklənmələrə qarşı dayanıqlıq səviyyəsini müəyyən etməyi qarşısına məqsəd qoyub. Tədqiqatın məqsədi sahil boyu torpaq tiplərində mikrobioloji aktivliyin, karbohidrogenlərin biodeqradasiya göstəricilərinin, minerallaşma əmsalının, assimilyasiya potensialının və torpaqların öz-özünü təmizləmə qabiliyyətinin öyrənilməsi olub.
Araşdırmalar zamanı müxtəlif torpaq tiplərində (çəmən-meşə, boz-çəmən, boz-qonur) mikroorqanizmlərin ümumi sayı, neft karbohidrogenlərini parçalayan mikroorqanizmlərin inkişaf dinamikası və tənəffüs intensivliyi müqayisə edilib. Eyni zamanda torpaqların fitotoksikliyi Medicago sativa L. və Lepidium sativum L. bitkiləri əsasında öyrənilib.
Tədqiqat nəticələri göstərmişdir ki, sahilboyu landşaftlarda biotik və abiotik amillərinin sistemli təhlili torpaqların assimilyasiya potensialının öyrənilməsində mühüm rol oynayır. Şimala doğru hərəkət etdikcə torpaqların biogenliyi və minerallaşma əmsalı artır, bu isə çirkləndiricilərin parçalanma sürətinin artmasına səbəb olur. Əldə olunan göstəricilərin müqayisəli təhlili çəmən-meşə torpaqlarının ən yüksək assimilyasiya qabiliyyətinə malik olduğunu, boz-çəmən və xüsusilə boz-qonur torpaqların isə öz-özünü bərpa potensialının daha zəif olduğu nugöstərib.
Məruzəçi qeyd edib ki, çirklənməyə daha həssas olan torpaqlarda təbii öz-özünü təmizləmə proseslərini və assimilyasiya potensialını, üzvi çirkləndiricilərkə çirklənmə zamanı təbii mühitin dayanıqlılığını artırmaq üçün müasir biotexnologiyaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir və sahilboyu ekosistemlərin davamlı idarə olunması baxımından aktualdır.
Seminarın sonunda məruzəçi iştirakçıların suallarını cavablandırmış, mövzu ətrafında elmi fikir mübadiləsi aparılmışdır.