Elmi seminar keçirilmişdir
Ekologiya və torpaqşünaslıq fakültəsində “Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının ekoloji qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda Coğrafi ekologiya kafedrasının doktorantı Sənəm İsayevanın mövzu üzrə məruzəsi dinlənilib.
Tədqiqatın əsas məqsədi Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının ekoloji qiymətləndirilməsinin aparılması və mühafizəsi tədbirlərinin işlənib hazırlanmasıdır. Məqsədə nail olmaq üçün Qusar-Qonaqkənd kadastr rayonu ərazisinin müasir təbii-ekoloji şəraitinin öyrənilməsi; torpaq örtüyünün hərtərəfli tədqiqi əsasında kadastr rayonu ərazisinin torpaq xəritə-sxeminin dəqiqləşdirilməsi; ərazi torpaqlarının keyfiyyətcə qiymətləndirilməsinin aparılması; təshih əmsalları tətbiq etməklə açıq və yekun bonitet şkalalarının qurulması; açıq bonitet şkalası əsasında Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının meşə və aqroistehsalat qruplaşdırılmasının aparılması və bonitet kartoqramının tərtib edilməsi; ərazi torpaqları üçün əlamətlərin təzahür dərəcələrinə görə xüsusi qiymətləndirmə şkalalarının tərtib edilməsi; ekoloji qiymətləndirilmənin aparılması və ekoloji-qiymət xəritəsinin tərtibi; kadastr rayonu torpaqlarından istifadənin səviyyəsinə təsir edən amillərin müəyyən edilməsi; tədqiqat ərazisi torpaqlarının səmərəli istifadəsi və mühafizəsinin təşkili, münbitliyin yüksəldilməsi yollarının işlənilməsi həyata keçirilib.
Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının bonitet kartoqramı, ekoloji qiymətləndirilmə xəritəsi, ərazi torpaqlarından səmərəli istifadənin və mühafizəsinin konseptual sxemi kimi materiallar təbii ekosistemlərin tarazlığının bərpası və mühafizəsi, ekoloji təhlükəsizliyinin və davamlılığının təmin edilməsi, torpaq örtüyünün qorunması problemlərinin həllində həm nəzəri, həm də praktiki əsas kimi istifadə edilə bilər.
Ekoloji şəraitin qiymətləndirmə şkalalarını tətbiq etməklə Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının ekoloji qiymətləndirilməsi aparılıb, ərazi torpaqlarının münbitliyinə təsir göstərən əsas məhdudlaşdırıcı amillər müəyyən edilib və torpaq yarımtiplərinin ekoloji balları hesablanıb. Kadastr rayonu ərazisi üzrə ən çox ekoloji balı yüksək dağlıq zona üzrə qaramtıl dağ-çəmən torpaqlar, alçaq və orta dağlıq zona üzrə tünd və adi dağ boz-qəhvəyi (şabalıdı) (93 bal) torpaqlar alıb. Aparılmış tədqiqatların yekunu olaraq Qusar-Qonaqkənd kadastr rayonu torpaq örtüyünün ekoloji-qiymət xəritəsi (1:100 000 miqyaslı) tərtib edilib.
Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarından istifadədə ekoloji şəraitə əsaslı təsir göstərən antropogen təsirlərin növləri (eroziya proseslərinin inkişafı, meşə ehtiyatlarının, torpaq münbitliyinin azalması, şorakətləşmə və s.) araşdırılıb. Müəyyən edilib ki, kadastr rayonu torpaqlarının 56,1%-i müxtəlif dərəcədə eroziyaya uğrayıb, dağ boz-qəhvəyi (şabalıdı) torpaqların 24,6%-i şorakətləşməyə məruz qalıb.
Qusar-Qonaqkənd kadastr rayonunda ekosistemin ekoloji təhlükəsizliyini və davamlılığını təmin etmək məqsədi ilə torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi və mühafizəsinin əsas istiqamətləri müəyyən edilib, müvafiq tədbirlər sistemi (eroziya əleyhinə tədbirlərin həyata keçirilməsi, meşələrin qorunması və artırılması, kənd təsərrüfatı yerlərindən istifadənin təkmilləşdirilməsi, tarlaqoruyucu meşə zolaqlarının salınması və s.) işlənib hazırlanıb.