Elmi seminar keçirilib

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının doktorantı Əlizadə Şəms Nizami qızı “Şərqi Zəngəzur iqtisadi rayonunda günəş enerjisindən istifadə potensialının qiymətləndirilməsi” mövzusunda Elmi seminarda çıxış edib.
Məruzəçi Şərqi Zəngəzur iqtisadi rayonunun günəş enerjisi üzrə potensialını qiymətləndirmək məqsədilə bölgənin iqlim göstəriciləri, günəş radiasiyasının illik və mövsümi dəyişkənliyi, günəşli günlərin sayı, effektiv radiasiya saatları və GHI (Global Horizontal Irradiance) məlumatları əsasında analitik təhlil aparıb. Tədqiqatda regionun təbii-coğrafi şəraiti, relyef strukturu, buludluluq səviyyəsi və iqlim amillərinin günəş enerjisi resurslarına təsiri kompleks şəkildə qiymətləndirilib.
Aparılan araşdırmalar nəticəsində Şərqi Zəngəzurun Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Cəbrayıl inzibati rayonları üzrə günəş radiasiyasının hər bir rayonun enerjisi istehsalı üzrə potensialı qarşılaşdırılıb. Məruzəçi həmçinin, günəşin yüksəlmə və azimut bucaqları, effektiv enerji istehsalı və illik elektrik generasiyası kimi göstəricilərə əsasən günəş enerjisindən istifadənin real imkanlarını təqdim edib.
Tədqiqatın nəticələri göstərir ki, Şərqi Zəngəzur iqtisadi rayonu günəş enerjisinin inkişafı üçün əlverişli təbii-iqlim resurslarına malikdir və regionun “yaşıl enerji zonası” kimi formalaşdırılması üçün geniş perspektivlər mövcuddur.
Sonda seminar iştirakçılarının sualları cavablandırılmış və mövzu ətrafında elmi müzakirələr aparılmışdır.