Elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində “İqlim dəyişkənliyinin Qızılağac Milli Parkının qışlayan və oturaq quş növlərinə təsirləri” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi, Bioekologiya kafedrasının doktorantı Ramil Həsənov çıxışında Qızılağac Milli Parkı ərazisində qışlayan və oturaq quş növlərinin növ müxtəlifliyinə və sayına iqlim dəyişkənliyinin müxtəlif təsirləri haqqında danışıb. Seminarda doktorant tərəfindən müxtəlif illərdə ərazidə aparılan çöl tədqiqat işlərinin nəticələri təqdim edilib. O bildirib ki, iqlim dəyişkənliyi milli park ərazisində olan quşların qidalanma və yaşayış ərazilərinə təsir göstərir. Çıxış zamanı nadir və beynəlxalq mühafizə statusuna malik quş növlərinin sayında baş verən dəyişmələr qeyd olunub. Daha sonra ərazidə qışlayan quş növlərinin sayında illər üzrə baş verən dəyişmələr təqdim edilib. Bununla yanaşı Xəzər dənizinin su səviyyəsinin azalması prosesinin milli parkda qışlayan quş növlərinin sayına və növ müxtəlifliyinə olan təsirləri və gələcək proqnozlar təqdim edilib. Ekstremal hava şəraitlərinin oturaq quş növlərinə təsirləri haqqında danışaraq bidirib ki, iqlim dəyişkənliyinin təsirlərinə daha çox bu növlər məruz qalır. Sonda bu təsirlərin nəticələrinin aradan qaldırılması və yüngülləşdirilməsi üçün görüləbiləcək işlər diqqətə çatdırılıb.
Seminar müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.