Elmi seminar keçirilib

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi, c.ü.f.d. Şahnaz Amanova “İqlimə uyğunlaşan şəhərlər: istilik risklərinin azaldılması üçün idarəetmə modelləri (Şirvan şəhəri timsalında)” mövzusunda Elmi seminarda çıxış edib.
Məruzəçi peyk şəkillərinin təhlili və CİS texnologiyalarından istifadə etməklə apardığı tədqiqatlar əsasında şəhərlərdə şəhər istilik adalarının yaranmasını müəyyən edib. Aparılan tədqiqatlar nəticəsində iqlimə təsir edən təbii və antropogen amillər kompleks olaraq qiymətləndirilmişdir.
Şahnaz Amanova Landsat və Sentinel peyklərinin təhlili ilə aparılan tədqiqatlar əsasında 1975-2025-ci illərdə şəhər landşaftında baş verən dəyişikliklərini izləməklə gələcək inkişaf tendensiyalarını təhlil edib.
Aparılan tədqiqatlar nəticəsində şəhərin iqlim risklərinin rayonlaşdırılması xəritəsi tərtib edilib və müəyyən edilib ki, daşqın, istilik dalğası, quraqlıq kimi riskli ərazilər yayılmışdır.
Məruzəçi tədqiqatın nəticələrinə əsasən təsirlərin aradan qaldırılması və azaldılması üçün idarəetmə modellərini təklif edib.
Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.