Elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində "Nanohissəciklərin su ekosisteminin əsas trofik komponentlərinə təsiri" mövzusunda elmi seminar keçirilib.
Məruzəçi, Bioekologiya kafedrasının sabiq doktorantı Nərgiz Ağayeva çıxışında bitki-molyuska-balıq sadə qida zəncirinin ilk komponenti olan Elodea canadensis bitkisində nanohissəciklərin konsentrasiyasından, növündən, və ekspozisiya müddətindən asılı olaraq hərəkəti və toplanmasının fizioloji xüsusiyyətlərindən danışıb.
Tədqiqat çərçivəsində nanohissəciklərin sadə qida zəncirini təşkil edən əsas komponentlərə təsirinin öyrənmək məqsədilə qida zəncirinin üç komponentində nanohissəciklərin toksik təsirləri müqayisəli şəkildə araşdırılmış və nanomateriallarin potensial riskləri müəyyən edilib.
Həmçinin Lymnaea auricularia molyusklarının yumurta daxili inkişafına, yumurtadan çıxma prosesinə, və sonrakı postembrional inkişaf mərhələsinə təsiri eləcə də, nanohissəciklərin əlvan forel balığının mayalanma və embrional inkişafı proseslərinə təsiri araşdırılıb. Tədqiqat nəticəsində müəyyən edilib ki, Fe3O4 (20-30 nm) və Al (18nm) nanohissəcikləri Elodea canadensis bitkisinin yarpaqlarına adsorpsiya olunur və bitki toxumaları tərəfindən sorularaq gövdə və digər orqanlara toplanır, hüceyrədaxili orqanoidlərdə, xüsusilə mitoxondrilərdə lokolizasiya olunur, bitkidə müxtəlif fizioloji effektlərin formalaşmasına səbəb ola bilir. Al ve Fe3O4 nanohissəciklərin birbaşa təsiri nəticəsində Lymnaea auricularia molyusklarının embrional inkişafı zamanı yumurta daxilində rüşeymlərin inkişafı ləngiyir, morfogenez prosesləri pozulur və yetkin fərdlərin formalaşması azalır. Müəyyən edilib ki, Al və Fe3O4 nanohissəcikləri əlvan forel balığının kürüçıxımına stimullaşdırıcı təsir göstərərək bu göstəricini əhəmiyyətli dərəcədə artırır. Əldə olunan nəticələrin əlvan forel akvakulturasinda embrional inkişaf mərhələsində baş verən itkilərin azaldılması və ümumi məhsuldarlığın artırılması məqsədilə istifadə oluna bilər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında geniş elmi müzakirələr aparılıb.