Elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində “Şərqi Zəngəzur iqtisadi rayonunda bioenerjidən istifadənin perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi, Coğrafi ekologiya kafedrasının doktorantı Şəms Əlizadə çıxışında
Şərqi Zəngəzur iqtisadi rayonunun bioenerji potensialını qiymətləndirmək məqsədilə regionun kənd təsərrüfatı və təbii resursları əsasında analitik təhlillərini geniş şəkildə təqdim edib.
Doktorant Tədqiqatları çərçivəsində heyvandarlıqdan yaranan peyin ehtiyatları, bitkiçilik məhsullarının qalıqları, kənd təsərrüfatı tullantıları və digər biokütlə mənbələrini araşdırıb. Hesablamalar zamanı heyvandarlıq növləri üzrə peyin miqdarı, biokütlənin bioqaz çıxımı, enerji ekvivalenti və potensial bioenerji istehsalı kimi göstəricilər nəzərə alınıb. Araşdırmalar nəticəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər inzibati rayonları üzrə biokütlə ehtiyatları və bioqaz istehsalı potensialı müqayisəli şəkildə təhlil olunub. Məruzəçi heyvandarlıq peyininin bioqaz istehsalında əsas resurs olduğunu vurğulayaraq, bu resursun enerji ekvivalenti və region üzrə mümkün bioenerji istehsalı həcmlərini təqdim edib.
Tədqiqatların nəticələri göstərir ki, Şərqi Zəngəzur iqtisadi rayonu bioenerji resursları baxımından əhəmiyyətli potensiala malikdir və kənd təsərrüfatı tullantılarından səmərəli istifadə regionda alternativ enerji istehsalının inkişafına töhfə verə bilər. Bu istiqamətdə bioqaz texnologiyalarının tətbiqi həm enerji təhlükəsizliyinin gücləndirilməsi, həm də ekoloji dayanıqlılığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılmış və mövzu ətrafında geniş elmi müzakirələr aparılmışdır