Elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində “Azərbaycanın palçıq vulkanlarının geoekoloji potensialı və UNESCO Qlobal Geopark modelinə inteqrasiya perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi, Coğrafi ekologiya kafedrasının doktorantı Tahir Yunuslu çıxışında Azərbaycanın palçıq vulkanlarının təbii-landşaft sistemlərində rolu, onların geoekoloji xüsusiyyətləri və geopark modeli çərçivəsində qiymətləndirilməsi məsələləri geniş şəkildə təqdim edib.
Tədqiqat çərçivəsində Abşeron yarımadasında yerləşən 16 palçıq vulkanının məkan yerləşməsi, geomorfoloji xüsusiyyətləri və ekocoğrafi funksiyaları müasir coğrafi informasiya sistemləri və məsafədən zondlama məlumatları əsasında təhlil edilib. Aparılan məkan analizləri nəticəsində palçıq vulkanlarının landşaft formalaşmasında rolu, geokimyəvi proseslərdə iştirakı və biomüxtəliflik üçün yaratdığı xüsusi ekoloji şərait müəyyənləşdirilib.
Doktorant tərəfindən aparılan tədqiqatların nəticələrinə əsasən, palçıq vulkanlarının geopark modeli çərçivəsində qiymətləndirilməsi üçün ekocoğrafi yanaşma tətbiq olunub, bir sıra vulkanların elmi, ekoloji və turizm potensialı müəyyən edilib. Eyni zamanda, palçıq vulkanlarının geoloji irs obyekti kimi qorunmasının və onların geoturizm istiqamətində istifadəsinin regionların sosial-iqtisadi inkişafına töhfə verə biləcəyi vurğulanıb.
Seminarda aparılan tədqiqatların əsas nəticələri və perspektiv istiqamətləri təqdim olunub, palçıq vulkanlarının geopark konsepsiyası çərçivəsində qiymətləndirilməsinin Azərbaycanın təbii irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Seminar iştirakçıların sualları və mövzu ətrafında aparılan müzakirələrlə davam edib.