Elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində “Aztullantılı və tullantısız texnologiyanın tətbiqi ilə neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsi” mövzusunda elmi seminar keçirilib.
Məruzəçi, Ekoloji kimya kafedrasının sabiq doktorantı Ülkər Nağıyeva çıxışında neftlə çirklənmiş suların müasir metodlarla təmizlənməsindən, yeni növ biosorbentlərin, bio-nanoadsorbentlərin sintezindən bəhs edib. Ülkər Nağıyeva həmçinin sintez edilmiş bio-nanoadsorbentlərin nefti udma qabiliyyətindən, temperaturdan, zamandan, pH-dan asılılığını göstərib. O, həmçinin Fe3O4 superparamaqnit nanohissəciklərin adsorbsiya qabiliyyəti haqqında ətraflı məlumat verib. Məruzə zamanı aztullantılı və tullantısız texnologiyanın tətbiqinin müasir dövrdə aktual məsələlərdən olduğunu da vurğulayıb.
Seminar müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.