Elmi seminar keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının doktorantı Adama Togolanın “Mali Respublikası Faya meşələrinin və Azərbaycanın Acınohur arid seyrək meşələrinin dayanıqlı idarə olunması” mövzusunda məruzəsi dinlənilib.
Adama Togola çöl və kameral tədqiqatlar əsasında Azərbaycanın Acınohur arid seyrək meşələrinin və Mali Respublikası Faya meşələrinin əsas təbii-ekoloji xüsusiyyətlərinin (relyefi, iqlimi, hidroqrafiyası, torpaq və bitki örtüyü, landşaftları, canlı aləmi) səciyyəsi haqqında məlumat verib. Qeyd edib ki, ilk dəfə olaraq Acınohur və Faya meşələrinin 30 il müddəti əhatə edən dövr ərzində (1990-2020-ci illər) vəziyyətinin monitorinqi aparılıb, bu meşələrin deqradasiyasına təsir edən əsas təbii və antropogen amillər müəyyən edilib. Acınohur meşələri və Malinin Faya meşələrindən istifadənin əsas istiqamətləri kimi kənd təsərrüfatının inkişaf etdirilməsi, mal-qaranın otarılması, oduncaq, qida məhsulları, yanacaq və ağac lifi, qeyri-oduncaq məmulatları və s. tədarükü üçün meşələrin qırılması olduğu müəyyən edilib.
Məruzədə sahil ölkəsi olan Malidə yerləşən Faya meşəsi ilə Azərbaycan Respublikasının quraqlıq zonasında yerləşən Acınohur arid seyrək meşələrinin ekoloji vəziyyətinin müqayisəli təhlili verilib. Tədqiqat zamanı araşdırılıb ki, tədqiq olunan ərazilər iki müxtəlif qitədə coğrafi cəhətdən uzaq yerləşməsinə baxmayaraq, bu meşələr coğrafi areallarının quraqlığı, bəzi iqlim elementləri, relyef və meşə ehtiyatlarına antropogen təsirin növlərinə görə oxşar xüsusiyyətlərə malikdir. Lakin həmin meşələr bitki örtüyünün növ tərkibi və landşaftın strukturu, torpaq örtüyü, iqlimi, meşə ehtiyatlarından istifadə üsulları, antropogen təzyiqin səviyyəsinə görə fərqlənir.
Tədqiqatların yekunu olaraq Adama Togola Malinin Faya meşələri və Azərbaycanın Acınohur arid seyrək meşələrinin resurslarının dayanıqlı idarə olunması sistemi haqqında məlumat verib. O, meşələrin dayanıqlı idarə edilməsi sisteminin 7 tematik element (meşə ehtiyatları və müxtəlifliyi, meşənin sağlamlığı və həyat qabiliyyəti, meşə ehtiyatlarının məhsuldarlıq və mühafizə funksiyaları, sosial-iqtisadi funksiyalar, hüquqi, siyasi və institusional çərçivələr), 8 meyar və 56 göstəricidən ibarət olduğunu qeyd edib.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.