Ekoloji kimyanın müasir problemləri
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin BDU könüllülərinin təşkilatçılığı ilə Ekoloji kimyanın müasir problemləri mövzusunda tədbir keçirilmişdir. Tədbiri “BDU Könüllüləri” təşkilatının fakültə üzrə sədri Səbinə Vahidova açıq elan etmişdir. O, tədbirin məqsədi və əhəmiyyəti barədə iştirakçılara məlumat vermişdir.
Tədbirdə Ekoloji kimya kafedrasının dosenti Fətəli Hüseynov Ekoloji kimya elminin yaranması, inkişaf tarixi, müasir ekoloji problemlər və onların həlli yolları haqqında çıxış edib. O qeyd etmişdir ki, ətraf mühitin çirklənməsinin əsas səbəbi kimya, neft emalı və neft-kimya sənayesidir. F.Hüseynov müxtəlif sənaye müəssisələrindən atılan çirkləndirici maddələrin, xüsusən də ağır metalların ətraf mühitdə təyini və ayrılması, eyni zamanda neft və neft məhsullarının təmizlənməsinin müasir üsullarından və onların səmərəliliyinin artırılma yollarından bəhs etmişdir. Qeyd olunmuşdur ki, ətraf mühit obyektlərindən ağır metalların ayrılmasında təbii sorbentlərlə müqayisədə sintetik sorbentlərin tətbiqi daha effektivdir. O, həmçinin çıxışında ətraf mühitin qorunmasında ekoloji təhsil və tərbiyənin rolunu qeyd etmişdir.
Daha sonra Ekoloji kimya kafedrasında görülən elmi-tədqiqat işləri, onların sənayeyə tətbiqi, işlənilmiş qrant layihələri haqqında məlumat vermişdir.
Tədbirin davamında fakültənin tələbəsi Raul İmanov Ekoloji kimya kafedrasında apardığı könüllülük fəaliyyəti haqqında danışmış və laboratoriya tədqiqatlarını əks etdirən videoçarxı iştirakçılara təqdim etmişdir.