Ekoloji kimya kafedrasının elmi seminarı keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib.
Seminarda Ekoloji kimya kafedrasının doktorantı Atlas Hüseynlinin “Neft yağlarının hidrogenlə təmizlənməsi prosesində formalaşan tullantıların tərkibinin müəyyənləşdirilməsi” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, digər müasir texnoloji qurğularda olduğu kimi, neft yağlarının hidrogenlə təmizlənməsi qurğusunda da bərk, maye və qaz halında olan tullantılar formalaşır. Neft yağlarının hidrogenlə təmizlənməsi prosesində ekoloji problemlərin yaranmasının səbəbləri müxtəlifdir. Heydər Əliyev adına Neft emalı zavodunda (NEZ) indiyə qədər neft yağlarının hidrogenlə təmizlənməsi qurğusunda formalaşan tullantıların tərkibinin və ətraf mühitə təsirinin elmi, ekoloji təhlilləri dərindən aparılmayıb.
Məruzədə neft yağlarının hidrogenlə təmizlənmə prosesində tullantıların formalaşmasının səbəbləri, tərkibi haqqında məlumatlar araşdırılıb. Heydər Əliyev adına NEZ-də istismar olunan neft yağlarının hidrogenlə təmizləmə qurğusunun texnoloji reqlamenti, zavodun ekoloji pasportu, ekoloji radiasiya və radiasiya təhlükəsizliyinə aid ekoloji normativ texniki sənədlərində bu qurğuya aid hər bir tullantıya dair yol verilən qatılıq həddi normaları öyrənilib, qeydiyyatlar aparılıb.
İlk dəfə neft yağlarının hidrogenlə təmizlənməsi prosesində alınan tullantı sularının tərkibində olan, əvvəllər heç bir texniki və elmi ədəbiyyatlarda rast gəlinməyən zərərli maddələrin miqdarı müəyyənləşdirilib. Həmçinin bərk tullantıların radiasiya təhlükəsizlik nəticələri əldə edilib və utilizasiyası üçün yeni üsul təklif olunub. Bununla yanaşı, qaz və bərk tullantıların tərkibi müəyyənləşdirilib. Neft yağlarının hidrogenlə təmizləməsi prosesi zamanı formalaşan qaz tullantılarının bütün mənbələrində və ona yaxın ərazilərdə xüsusi qaz analizatorlar vasitəsilə havanın tərkibi ölçülüb. Alınan nəticələr zavodun ekoloji normativ texniki sənədlərində göstərilən hər bir qaz halında olan zərərli maddələrin yol verilən qatılıq həddi normaları ilə müqayisəli ekoloji təhlil olunub.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.