Ekologiya və torpaqşünaslıq fakültəsində onlayn formatda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində 14 mart 2022-ci il tarixində onlayn formatda elmi seminar keçirilib. Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar, magistrantlar, tələbələr və fakültənin digər əməkdaşları iştirak edib.
Seminarda Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Cəfərov Azər Bəhlul oğlu “Dövrümüzün paradiqması “istehlakçı cəmiyyətdən” “yaşıl iqtisadiyyata” keçid: Azərbaycanın yeri və rolu”, Ekoloji kimya kafedrasının magistrantı Quliyeva Bəsti Kərəm qızı “Ağdam rayonunun (Quzanlı qəsəbəsi ətrafinda) təbii su mənbələrinin müasir vəziyyətinin ekoloji qiymətləndirilməsi” mövzularında çıxış ediblər.
Cəfərov Azər Bəhlul oğlu məruzədə qlobal ekoloji problemlər, “Yaşıl” iqtisadiyyatın təməl prinsipləri, təbii resurslardan optimal istifadənin təmin edilməsi, əhalinin rifahının yüksəldilməsi, “yaşıl” iqtisadiyyata keçiddə Azərbaycanın yeri və rolu, “Yaşıl” iqtisadiyyat modelində enerji, kənd təsərrüfatı və nəqliyyat sahələri haqqında geniş məlumat vermişdir.
Quliyeva Bəsti Kərəm qızı məruzədə Ağdam rayonunun coğrafi mövqeyi, təbii su ehtiyatlarının vəziyyəti, Quzanlı qəsəbəsi ətrafindakı su mənbələrindən götürülmüş su nümunələrinin kimyəvi tərkibinin analizinin nəticələri və su mənbələrinin müasir vəziyyətinin ekoloji qiymətləndirilməsi haqqında geniş məlumat vermişdir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.