Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “ekologİya və torpaqşünaslıq elmlərİ XXI əsrdə” III Respublika Elmi Konfransının Plenar və üç bölmə üzrə iclasları keçirilmişdir. 12 may tarixində isə digər bir bölmə: İşğaldan azad edilmiş ərazilərin ekoloji problemləri, təbii mühitin yenidən bərpasının istiqamətləri və yolları mövzusunda konfrans davam etmişdir.
Tədbiri giriş sözü ilə açan Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışaraq, konfransın işinə uğurlar arzulayıb.
Elmi tədqiqatların təşkili və təhlili şöbəsinin müdiri Mirnamiq Bəşirov Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə olan diqqət və qayğısından bəhs edib. Mirnamiq Bəşirov müxtəlif aktual problemlər üzrə seminar və konfransların elmin inkişafına verdiyi töhfəyə diqqət çəkib.
Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva çıxış edərək xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunan dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü ekoloji siyasət, respublikada ekoloji problemlərin həlli yolunda atdığı addımlar haqqında məlumat verib.
Sonra Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Azər Cəfərov “Torpaq resurslarımız: təbii, təsərrüfat və hüquqi aspektləri” və magistrant Xaliqə Cəfərova “Xəzər dənizindən götürülmüş su nümunələrinin kimyəvi analizi” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda ekokimyəvi tədqiqatlar, ətraf mühitin mühafizəsi, təbii resurslardan istifadənin istiqamətləri, torpaqların münbitliyi, aqroekoloji problemlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, konfransın proqramına 113 tezis daxil edilib.