Eko Park İnnovasiya mərkəzində çöl tədris təcrübəsi
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının professoru Qiyas Bayramovun rəhbərliyi ilə Ekologiya ixtisası üzrə təhsil alan IV kurs E030A, E031A, E032R və E005İ qrup tələbələri 13.04.2022-26.04.2022-ci il tarixlərində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Eko Park” İnnovasiya mərkəzində çöl tədris təcrübəsində iştirak etmişlər.
Praktika zamanı tələbələrə ilkin olaraq mərkəzin əməkdaşları Əlizadə Səyavuş və Xaliq Aslanov tərəfindən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin qaydaları haqqında məlumat verilmiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlarla tanış edilmişdir. Daha sonra mərkəzin əməkdaşlarının rəhbərliyi ilə 9.3 ha əraziyə malik olan Park ərazisi, alternativ enerji qurğuları (günəş panelləri və külək generatorları) yerləşən ərazi, fidanlıq ərazisi, rəssamlar bağı, Abşeron bağı və istixana ərazisində əkin proseduru və qaydaları, bitkilərin yetişdirilməsi, toxum səpini, calaqların vurulması və müşahidələrin aparılması, tinklərin daha geniş qablara köçürülməsi, həmin ərazidə suvarma qaydaları (damcı və axar), süni göl və çayın funksiyası və digər işlərlə tanışlıq keçirilmişdir. Həmçinin, mərkəzin yaxınlığında yerləşən əvvəllər neftlə çirklənmiş torpaqların yenidən bərpasından sonra 20 ha sahədə ağaclıq salınmış ərazi ilə tanışlıq və aqrotexniki qulluq haqqında ətraflı məlumat verilmişdir.