Dünyanı lərzəyə salan nüvə silahı
Ekologiya və torpaqşünaslıq fakültəsinin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri professor İsmayıl Əliyev və Fizika fakültəsinin Nəzəri fizika kafedrasının dosenti Məcid Qocayevin Respublika qəzetində birgə məqaləsi dərc olunmuşdur. Müəlliflər geniş mənbələrə istinad edərək nüvə silahının bəşəriyyətimiz üçün nə dərəcədə təhlükəli olmasını sistemli şəkildə öz yazılarında aydın şərh etmişlər:
Cəmi altı il davam edən, lakin dünyanı və insanları demək olar ki, tanınmaz dərəcədə dəyişən İkinci Dünya müharibəsi 1945-ci ildə bitdikdən sonra bəşəriyyət 1939-cu ilə qədər mövcud olmuş sivilizasiyadan kəskin şəkildə fərqlənməyə başladı. Bu dəyişikliyin çoxsaylı səbəbləri içərisində ən əsas amil kimi nüvə silahının ortaya çıxması göstərilir. Mübaliğəsiz demək olar ki, Xirosimaya atılan nüvə silahı XX əsrin ikinci yarısından bu günə qədər insanları güclü düşünməyə məcbur edir. Müasir insan artıq dünya haqqında 1945-ci il avqustun 6-dan əvvəl olduğu kimi düşünə bilmir - o, çox aydın başa düşür ki, bu dünya, onda yaşayan 8 milyarda yaxın insan və bütün canlılar bir neçə dəqiqə ərzində məhv ola bilər. Bu gün yaşayan insan müharibələrə babalarının və ulu babalarının izlədikləri kimi baxa bilməz. O, dəqiq bilir ki, nüvə müharibəsinin başlaması dünyanın sonunun çatması deməkdir. Bu müharibədə nə qalib, nə də məğlub olmayacaq. Nüvə silahı canlı həyatın bütün sahələrində öz izini qoyub. Müasir sivilizasiya yetmiş-səksən il öncə idarə olunduğu əvvəlki qanunlarla yaşaya bilməz. Bunu, təbii ki, atom bombasını yaradanların özləri hamıdan yaxşı başa düşürdülər.