Dəyirmi masa keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq və Geologiya fakültələrinin Tələbə Elmi Cəmiyyətlərinin (TEC) birgə təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm Günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Urbanizasiya nəticələri: ekoloji və geoloji çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi, a.e.ü.f.d. Qismət Xanbabayev çıxışında urbanizasiya prosesinin müasir dövrdə qlobal miqyasda sürətlə genişləndiyini və bunun təbii mühitə çoxşaxəli təsirlər göstərdiyini vurğulayıb. O, şəhərləşmənin torpaq örtüyünün deqradasiyası, biomüxtəlifliyin azalması, yeraltı və yerüstü suların çirklənməsi, həmçinin geodinamik proseslərin intensivləşməsi kimi problemlərlə müşayiət olunduğunu diqqətə çatdırıb. Qismət Xanbabayev çıxışında həmçinin, dayanıqlı şəhər planlaşdırılmasının və elmi yanaşmanın vacibliyini qeyd edərək, urbanizasiya prosesində ekoloji və geoloji amillərin kompleks şəkildə nəzərə alınmasının zəruriliyini bildirib.
Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin TEC sədri Raul İmanov çıxış edərək urbanizasiya mövzusunun beynəlxalq elmi gündəmdə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. O, yaxın zamanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) da dayanıqlı inkişaf, şəhər mühitində ekoloji təhlükəsizlik və müasir urbanizasiya çağırışları baxımından əhəmiyyətini qeyd edib. Raul İmanov çıxışında həmçinin, tələbələrin bu kimi beynəlxalq təşəbbüsləri izləməsinin, elmi yeniliklərlə tanış olmasının və qlobal müzakirələrə inteqrasiya olunmasının vacibliyini diqqətə çatdırıb.
Dəyirmi masa çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və urbanizasiyanın ekoloji və geoloji aspektlərinin qarşılıqlı əlaqəsi ilə bağlı fikir mübadiləsi həyata keçirilib.