COP29-la bağlı Elmi seminar keçirilmişdir
Bakı Dövlət Universitetinin Geologiya, Coğrafiya, Biologiya və Ekologiya və torpaqşünaslıq fakültələrinin birgə təşkilatçılığı ilə 21.10.2024 tarixində Yaşıl Dünya naminə Həmrəylik ili çərçivəsində COP29-la bağlı Elmi seminar keçirilmişdir.
Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev Elmi seminarı açıq elan etmişdir.
İlk olaraq, Coğrafiya fakültəsinin professoru Çingiz İsmayılov “İqlim dəyişikliyin qaçılmazlığı: reallıqlar və adaptasiya” mövzusunda məruzə etmişdir. O çıxış edərək bildirdi ki iqlim dəyişikliyi həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istxana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir.
Daha sonra Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova “Şərqi Zəngəzur iqtisadi rayonunun yeraltı sularının hidrogeoekoloji şəraitinin qiymətləndirilməsi” mövzusunda çıxış etmişdir. Günay Hüseynova çıxışında mineral xammal bazasının gücləndirilməsi məqsədilə bu ilin səkkiz ayı ərzində Kiçik və Böyük Qafqaz filiz rayonlarında, eləcə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yeraltı su ehtiyatlarının öyrənilməsi, yeraltı suların ehtiyatının axtarış - kəşfiyyatı məqsədilə hidrogeoloji tədqiqat işlərinin aparılmasından bəhs edib.
Biologiya fakültəsinin müəllimi Aygün İsrayılova “Ətraf mühit çirklənmələrinin təmizlənilməsində biotexnologiyanın rolu” mövzusunda çıxış edərək ətraf mühit insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulmasından söz açıb.
Sonda “Yaşıl iqtisadiyyat və kənd təsərrüfatının dayanıqlı inkişafı” mövzusunda çıxış edən Ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti Qoşqar Məmmədov kənd təsərrüfatı məhsullarının artım statistikasını cədvəldə izah edib. Yaşıl iqtisadiyyat konsepsiyası çərçivəsində aparılan araşdırmada Azərbaycan kənd təsərrüfatında torpaq resurslarından səmərəli istifadəsinə imkan verən yeni texnologiyaların tətbiqi ilə yanaşı ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti öyrənilmişdir. Eyni zamanda mineral gübrələrin ayrı-ayrı əkinlərdə tətbiqi xüsusiyyətləri müəyyənləşdirilmişdir