Bioloji Müxtəlifliyin Qorunması Xidməti ilə görüş keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti Bakı Dövlət Universitetində (BDU) maarifləndirici görüş keçirib.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı son dövrlər ETSN ilə fakültənin uğurlu əməkdaşlığının olduğunu diqqətə çatdırıb. Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələrinin nazirliyin müxtəlif strukturlarında təcrübə keçmələrinə şərait yaradılır, sahilyanı ərazilərdə birgə təmizlik aksiyaları keçirilir.
Xidmətin rəis müavini Rəşad Allahverdiyev, əməkdaşları Nigar Yusifli və Fəridə Kərimova bioloji müxtəlifliyin qorunmasına dair təqdimatlar ediblər. Çıxışlarda Azərbaycanın milli parkları, yasaqlıq və qoruqları, son dövrlər ekoturizmin inkişafı ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verilib. Görüşdə həmçinin Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, həyata keçirilən reintroduksiya layihələri, Xəzər dənizinin biomüxtəlifliyi, balıq və digər su bioresurslarının artırılması, ovu və akvakultura, ovçuluq təsərrüfatlarının xüsusiyyətləri, geoloji park layihələri haqqında danışılıb. Qeyd olunub ki, hazırda ölkə ərazisində 10 milli park, 10 qoruq, 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu, ölkə ərazisinin 10, 3 faizini əhatə edir. Xidmətin əsas məqsədlərindən biri də tələbələri zəngin təbiətimizlə, bu ərazilərin unikallığı ilə tanış etmək, maarifləndirməkdir.
Sonda professor-müəllim heyəti və tələbələrin çoxsaylı sualları cavablandırılıb, gələcəkdə birgə tədbirlər planının hazırlanması üçün səmərələşdirici təkliflər səsləndirilib.